“Ermənistanda xalis xarici borc, cari əməliyyatlar hesabında böyük struktur kəsir, zəif xarici investisiya daxilolmaları və pul baratlarından yüksək asılılıq kimi xarici həssaslıqlar 2020-ci ildə də aktual olaraq qalıb”.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ermənistandakı iqtisadi vəziyyətə dair yeni şərhində qeyd olunub.
Bildirilib ki, sərhədlərarası inteqrasiya və nəqliyyat problemləri, bazarlara çıxış məhdudiyyətləri, inkişaf etməmiş infrastruktur və hökm sürən korrupsiya səbəbindən xarici ticarət zəifləyir və Ermənistanın xarici investisiyalar üçün cəlbediciliyi azalır:
“Qonşu ölkələrlə sərhədlərin bəziləri siyasi səbəblərə görə bağlı vəziyyətdədir, digərləri isə məhdud imkanlar təklif edir. Azərbaycanla Dağlıq Qarabağ müharibəsi genişlənir. 2020-ci ilin oktyabrında "Fitch Ratings" Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (IDR) 'BB-' dən 'B +' səviyyəsinə endirmişdi. Ölkənin borca xidmət xərclərinin artması gözlənilir. Ermənistanın cari əməliyyatlar hesabı kəsirinin ÜDM-ə nisbəti 8.2% -dir. 1991-ci ildən bəri davam edən bu kəsir xroniki xarakter daşıyır. Rəsmi məlumatlara görə, 2020-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi, idxal və ixrac müvafiq olaraq 10,2%, 12,4% və 6% azalıb. Ermənistanda ixrac həm mallar, həm də istiqamətlər baxımından az diversifikasiya olunub. İxrac səbətində üstünlük təşkil edən aşağı əlavə dəyərli istehsal malları və xammal xarici rəqabət qabiliyyətini məhdudlaşdırır. İxracatın təxminən yarısını metal və qiymətli daşlar təşkil edir. Dağ-mədən məhsullarının ixracı xarici valyutanın əsas mənbələrindən biridir ki, bu da iqtisadiyyatı qlobal əmtəə bazarında pandemiya səbəbindən yaranmış volatilliyə məruz qoyur. Kənd təsərrüfatı məhsulları ümumi ixracatın təxminən 30% -ni təşkil edir; sektor işçi qüvvəsinin mühacirət və hərbiləşmə nəticəsində surətlənən daralmasından təsirlənir. Qida və digər vacib istehlak malları üçün idxaldan asılılıq getdikcə dərinləşir. 2020-ci ilin mart ayında ikitərəfli dram məzənnəsinin 5% dəyərdən düşməsi ixracatın artmasına deyil, idxal olunan malların qiymətlərinə təsir edib ki, bu da “dominant valyuta paradiqması” ilə izah edilə bilər. Ölkənin qalıq (fosil) yanacaqlardan idxal asılılığı cari əməliyyatlar balansına əlavə təzyiq göstərir”.
İİTKM-in şərhinə görə, Ermənistanda idxalın azalması 2020-ci ildə ixraca nisbətən iki dəfə çox olub:
“Bu azalma pul baratlarının azalmasından təsirlənən tələbin daralmasından qaynaqlanır. ÜDM-in 11% nisbətində olan pul baratları xüsusi istehlakı dəstəklədiyi üçün Ermənistanda ÜDM artımının vacib və ən dayanıqlı amili hesab olunur. "Fitch"-in məlumatına görə, koronavirus pandemiyasından yaranan xarici təsirlər, 2020-ci ilin ilk yarısında pul baratlarının ötən ilin müvafiq dövrünə nisbətən 22% azalmasına səbəb olub. Rusiya pul baratlarının əsas mənbəyidir və ölkənin əsas ticarət tərəfdaşlarından biridir (Ermənistanın ixracının təxminən 30%-i və idxalının 25%-i Rusiyanın payına düşür). Neft qiymətlərinin dinamikası Rusiyadan gələn xarici valyuta axınlarına əhəmiyyətli təsir göstərir və Ermənistanı neft ixracatçısı olmadan Holland xəstəliyinə məruz qoyur. İxrac tələbinin, turizmin və pul köçürmələrinin azalması nəzərə alınmaqla cari əməliyyatlar hesabı kəsirin böyüyəcəyi gözlənilir. Oktyabr ayında Beynəlxalq Valyuta Fondu bildirib ki, Ermənistanda cari əməliyyatlar hesabı kəsrinin ÜDM-ə nisbəti 2020-ci ildə -8.8%, 2021-ci ildə -7.3%-ə qədər artacaqdır. Daxili tələbin təsiri ilə 2021-2022-ci illərdə də cari hesab kəsrinin müəyyən qədər genişlənəcəyi proqnozlaşdılır. "Fitch"-ə görə, kəsirin üçdə birindən az hissəsi borc olmayan kapital axını ilə qarşılanır”.