Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində qələbəsi və işğal altındakı torpaqların azad edilməsi ilə nəticələndi. Növbəti mərhələdə ərazilərin təmizlənməsi, infrastrukturun qurulması, həyat şəraitinin yaradılması və əhalinin öz torpaqlarına köçürülməsi prosesi başlayacaq. Böyük hissəsi Bakı, Abşeron və Sumqayıt şəhərində məskunlaşdırılan məcburi köçkünlərin öz torpaqlarına qayıtması və daşınmaz əmlakların boşalması bu bazarda yeni tendensiya yarada bilər. “MediaPost” məcburi köçkünlərin öz evlərinə qayıtmasından sonra əmlak bazarında yarana biləcək potensial vəziyyəti araşdırmağa çalışıb.
Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı “MediaPost”a bildirib ki, torpaqların bir hissəsinin işğal edilməsi Azərbaycanın iqtisadiyyatının tam inkişaf etməsinə imkan vermirdi. Azərbaycanın öz torpaqlarını azad etməsi həm də yeni iqtisadi vəziyyət formalaşdıracaq. Qısa müddət ərzində işğaldan azad edilən ərazilərin bərpası, infrastrukturun qurulması, yeni yaşayış məntəqələrinin salınması böyük maliyyə yatırımları tələb edir. Prosesə ciddi maliyyə yatırımları olacaqsa, bu daşınmaz əmlak bazarında da canlanmaya səbəb olacaq:
“Qarabağın yenidən qurulmasına yatırımlar xarici və yerli mənbələrdən ola bilər. Bu isə digər istiqamətlərlə yanaşı danışmaz əmlak bazarında da çox ciddi şəkildə qiymət dəyişikliyinə və canlanmaya səbəb olacaq, dinamikanın müsbətə doğru dəyişməsi ilə nəticələnəcək”.
Ekspert qeyd edib ki, məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə köçürülməsi Bakı, Sumqayıt və Abşeronda yaşayış fondunun boşalmasına təsir edəcək. Yatırımlarla əlaqədar böyük həcmdə maliyyə vəsaitinin dövriyyəyə buraxılması və dövriyyədə nağd pul kütləsinin artımı baş verəcək. Həmin vəsaitin bir hissəsi bu və ya digər şəkildə yenidən daşınmaz əmlak bazarına qayıdacaq. Bu da təbii ki, danışmaz əmlak bazarında dinamikanı artıracaq və tələb artacaq:
“Bakının paytaxt olduğunu nəzərə alsaq, burada əmlak bazarına yatırımın daha çox olacağı gözləniləndir”.
Bakıda evlərin qiymətinə gəlincə, ekspert bildirib ki, bu, hökumətin əhalinin köçürülməsi ilə bağlı icra edəcəyi layihələrin müddətindən asılı olacaq:
“Bakıda evlərin qiyməti ilə bağlı dəyişiklik işğaldan azad edilən ərazilərdə layihələrin icrası müddətindən və ayrılan vəsaitin bölgüsündən asılı olacaq. Məsələn, ümumilikdə işğaldan azad edilən yaşayış məntəqələrinin yenidən qurulması 3 il ərzində 25 milyard dollar yatırım şəklində reallaşarsa, bu, Azərbaycan üçün çox böyük rəqəm olacaq və evlərin kəskin bahalaşmasına təsir edəcək. Köçürülmə prosesi 10 il müddətində mərhələli şəkildə icra edilərsə, bu zaman kəskin dinamika artımı olmayacaq".
"MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə hesab edir ki, Bakıda daşınmaz əmlak bazarında qiymətlərə təzyiq bir qədər azalacaq. O, “MediaPost”a bildirib ki, əvvəl məcburi köçkün olan vətəndaş Bakıda ipoteka ilə bağlı müraciət edirdisə, indi bu tələblər azalacaq və son nəticədə tələbin azalması qiymət təzyiqini azaldacaq.
Ekspert hesab edir ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması qısa müddətli dövrdə Bakıda evlərin qiymətini aşağı sala bilər. Amma uzunmüddətli dövrdə Bakıda evlərin ucuzlaşması ehtimal olunmur. Ümumilikdə isə ekspert fikirləşir ki, daşınmaz əmlak bazarında qiymət amili köçürmələrin necə aparılması və əhalinin hansı hissəsinin köçürüləcəyi müəyyən edildikdən sonra dəqiqləşəcək.