Dünyada ən geniş yayılan kriptovalyuta olan bitkoin bu günlərdə 19 374 ABŞ dollarına yüksələrək üç ilin ən yüksək həddinə çatdı. Ötən il 6,9 min dollar səviyyəsində olub.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında 20 min dollar həddini aşmış bitkoin sonradan 3,2 min dollaradək gerilədi.
Hazırda bir çox ekspertlərin qənaətincə indiki vəziyyət üç il əvvəlkindən xeyli fərqləndiyinə görə bitkoinin məzənnəsi daha da arta bilər. Belə ki, “Bloomberg” eksperti Mayk Makqlon bildirib ki, 2021-ci ilin ikinci yarısında da bitkoin 20 min dollarlıq həddi aşsa, bütöv kapital tutumu 1 trilyon dollara çata bilər. Aydındır ki, kapital tutumu çox olan kriptovalyutanın məzənnəsi daha sabit olur, yəni az dəyişkəndir. Əksinə, kapital tutumu az olan yeni kriptovalyutaların məzənnəsinə orta treyderlər də təsir edə bilər. Hazırda bitkionin kapital tutumu 327,66 milyard dollardır.
Xatırladaq ki, bu ilin mart ayında 9 min dollar həddindən cəmi bir neçə günə 5 minədək geriləyən bitkoin sonradan bahalaşmağa başladı. Bu da bir neçə amillə bağlıdır. Ən mühüm amillərdən biri koronavirusdur. Belə ki, pandemiyanın səbəb olduğu iqtisadi sabitsizlik şəraitində çoxları üçün bitkoin də qızıl kimi pulların arxayın saxlanc yerinə çevrilir. İqtisadi böhran üzündən bir çox ölkələrdə əlavə emisiya aparıldığı üçün yerli pul vahidləri qiymətdən düşür. Nəticədə faiz dərəcələrinin aşağı düşməsi sərmayədarları yeni yatırım alətləri axtarmağa vadar edir.
Lakin başqa səbəblər də var. Son vaxtlar həm təşkilat, həm də fərdi sərmayədarlar vəsaitlərini kriptovalyutalara yatırmağa başlayıb. Məsələn, “Micro Strategy” şirkəti 425 milyon dollar, “Square” şirkəti 50 milyon dollar vəsaitini bitkoinə yatırıb. ABŞ-ın “Fidelity İnvestments” holdinqi tərəfindən təsis edilən bitkoin fondu vasitəsilə sərmayədarlar risklərini yumşalda bilir. Noyabrın 11-dən 300 milyondan artıq istifadəçisi olan “PayPal” ödəniş şəbəkəsi də Bitcoin, Etherium, Litecoin, Bitcoin Cash kriptovalyutalarını dəstəkləməyə başladı.
Bütün bunlar bitkoin və s. kriptovalyutalarının maliyyə aktivi kimi özünü doğrultduğuna dəlalət edir. Digər tərəfdən bitkoin “rəqəmli qızıl”dırsa, dünya iqtisadiyyatının dirçəlməsi onun da ucuzlaşması demək olacaq. Belə ki, bir sıra sərmayədarların fikrincə koronavirusa qarşı yeni dərmanlarla bağlı xəbərlər kriptovalyutaların məzənnəsinə təsir göstərə, bəzi dəyərləndirmələrə görə 10-12 min dollaradək ucuzlaşmasına gətirib çıxara bilər.
Lakin kriptovalyutalarla bağlı bəzi problemlər var. Belə ki, məsələn, İndoneziya, Pakistan kimi bəzi ölkələrdə kriptovalyutalar qadağan olunub. Bəzi ölkələrdə isə kriptovalyutalar qadağan olunmasa da, sərt nəzarət altındadır. Halbuki kriptovalyutaların istifadəsində anonimlik ən mühüm amillərdəndir. Təbii ki, kriptovalyuta sahibləri qarşısında özlərinə dair məlumat açıqlamaq şərti qoyulsa, sözügedən ödəmə vasitələrə maraq xeyli azala bilər. Hərçənd bəzi ekspertlərə görə bu cür sərt tənzimləmə tədbirləri əksinə, kriptovalyutalar bazarına sərmayəçilərin marağını daha da artıra bilər. Çünki mövcud şəraitdə kriptovalyutalarla bağlı bəzi müəmmalar çoxlarını çəkindirir. Belə ki, 2018-ci ildə 1,7 milyard dollar, 2019-cu ildə isə 4,4 milyard ABŞ dolları həcmində müxtəlif kriptovalyutalar dələduzların əlinə keçib. Tənzimləmə tədbirləri isə bu cür halların sayını xeyli azalda, sərmayədarların etimadını artıra bilər. Bununla yanaşı, Çin və bəzi başqa ölkələr öz kriptovalyutalarını təsis etməyi üstün tutur. Bitkoin kimi dünya kriptovalyutalardan fərqli olaraq “rəqəmli yuan” da bir mərkəzdən idarə olunacaq.
Maraqlıdır ki, 2017-ci ildə bitkoin bahalaşarkən kriptovalyutaların mübadilə saytlarında qeydiyyatdan keçənlər də çoxalırkən hazırda belə bir proses gözə dəymir. Yəni bitkoin və s. kriptovalyutalar alanlar artıq onları satmağa tələsmirlər. Bundan hasil olunan qənaət bikoinin orta və uzun müddətli yatırımlar vasitəsi kimi qəbul olunmasıdır ki, kriptovalyutaların maliyyə bazarlarındakı mövqeyinin güclənməsini göstərir.
Azad Həsənli, maliyyə eksperti