Nazirliyin bu qərarı artıq cinayət xarakterli məsələyə çevrilir... - Ekspert

İQTİSADİYYAT
15:10 / 01.12.2020
1598

"Vətəndaşların məhkəməyə müraciət etmək hüququ yaranıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov işsiz kimi qeydiyyata alınan şəxslərin Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyatdan çıxarılmasından danışarkən deyib. Ekspet sözügedən nazirliyin bu qərarını qanunsuz hesab etdiyini qeyd edib:

"Faktiki olaraq qurumun göstərdiyi xidmətdə texniki qüsurlar ortaya çıxarsa, həmin müddətin vaxtı mütləq artırılmalıdır. Çünki qurum etdiyi xidmətin keyfiyyətinə və əlçatanlığına təminat verir. Buna həm də təkcə qurum deyil, eyni zamanda dövlətin özü də təminat verir. Müddət mütləq artırılmalıdır. Belə bir şəraitdə bu, vətəndaşların aldadılması və onların hüquqlarının pozulması kimi başa düşülür. Bu vəziyyətlə qarşılaşan bütün vətəndaşlar məhkəməyə müraciət edə bilər. Bu məsələ artıq cinayət xarakterli məsələyə çevrilir. İnsanlar da hüquqlarını tələb etməlidir”. 

Rəşad Həsənov dövlət qurumlarının çoxunda bənzər xidmətlərin olduğunu vurğulayıb:

"Xidmətlər işləmir, insanları aldadırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin bəzi istiqamətlərindən insanlar narazıdırlar. İnsanların istədikləri yumşaq şəkildə olmayacaq. Konkret olaraq hər kəs nazirliyə bununla bağlı narazılığını bildirməlidir. Onlar özlərini əhalini işlə təmin edən kimi göstərirlər. Yəni, biz sizə bu xidmətləri veririk, sonradan isə öz adamlarını orada saxlamaq üçün maneə yaradırlar. Bu gün tələb çoxdur. Pandemiya əmək bazarını alt-üst edib. Reallıqda vəziyyət pisdir, nazirliyin xidmətlərinə müraciət çoxdur. Nazirlik də bu kimi yollardan istifadə edir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,21% artıb. 2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edir.

0