Azərbaycanda bankların birgə bankomat şəbəkəsi yaradıldı

İQTİSADİYYAT
17:50 / 03.12.2020
1172

Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək "birgə bankomat şəbəkəsi" yaradılıb.

AMB-dən HİT.Az-a verilən məlumata görə, bu məqsədlə 11 bankın ("AccessBank", "AFB Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Expressbank", "Günay Bank", "TuranBank", "Unibank", "Yelo Bank", "Yapı Kredi Bank Azərbaycan", "Ziraat Bank Azərbaycan") və "Azərpoçt" MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb.

Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət "birgə bankomat şəbəkəsi"ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək.

"Gələcəkdə "birgə bankomat şəbəkəsi"nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək", - AMB-dən bildirilib.

0