Azərbaycan Cənubi Qafqazda iqtisadi nəhəngə çevrilə bilər - ŞƏRH

İQTİSADİYYAT
21:00 / 14.12.2020
972

"İşğaldan azad olmuş ərazilərdə təsərrüfat fəaliyyətinin təşkili və yeni əlavə dəyərin formalaşması nəticəsində bir necə ildən sonra Cənubi Qafqaz ÜDM-inin 75 faizi Azərbaycanda formalaşacaq”.  

HİT.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatını təhlil edərkən bildirib. Onun sözlərinə görə, effektli islahatlar həyata keçirilsə, Cənubi Qafqazda formalaşacaq hər 5 dollardan 4 dolları Azərbaycanın payına düşə bilər: 

"2019-cu ildə Cənubi Qafqazın ÜDM-i 79 milyard  463,6 milyon dollar olub ki, onun da 48 milyard 47,6 milyon dolları və ya 60,5 faizi Azərbaycanın, 17 milyard 743,8 milyon dolları və ya 22,3 faizi Gürcüstanın, 13 milyard 672,8 milyon dolları və ya 17,2 faizi Ermənistanın payına düşüb. Beləliklə də ötən il Cənubi Qafqaz üzrə formalaşmış ÜDM-in hər 5 dollarından  3 dolları  Azərbaycana məxsus olub. Hesablamalar göstərir ki, Azərbaycanda gizli iqtisadiyyatın leqallaşdırılması, inhisarçılığın və korrupsiyanın aradan qaldırılması nəticəsində Cənubi Qafqazda formalaşacaq hər 4 dollardan 3 dolları Azərbaycanın payına düşə bilər. Proqnozlara görə, bu halda da yerdə qalan 1 dolların 60 senti  Gürcüstana, 40 senti də Ermənistana məxsus olacaq.

İşğaldan azad olmuş ərazilərdə təsərrüfat fəaliyyətinin təşkili və yeni əlavə dəyərin formalaşması nəticəsində bir necə ildən sonra Cənubi Qafqaz ÜDM-inin 75 faizi Azərbaycanda formalaşacaq.  Bununla yanaşı, Azərbaycanda gizli iqtisadiyyatın leqallaşdırılması, inhisarçılığın və korrupsiyanın aradan qaldırılması nəticəsində Cənubi Qafqazda formalaşacaq hər 5 dollardan 4 dolları Azərbaycanın payına düşə bilər”. 

0