Qaz və işıq limiti ilə bağlı açıqlama: “Bütövlükdə limitin götürülməsini...”

İQTİSADİYYAT
12:20 / 17.12.2020
3126

Azərbaycan da bütün dünya kimi bir ildir koronavirus pandemiyası ilə mübarizə aparır. Pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərib. Pandemiya ilə mübarizədə ən sərt və uzunmüddətli karantin tədbirlərinin Azərbaycanda tətbiq olunmasını nəzərə alsaq, aylardır davam edən iş ritminin pozulması əhalinin sosial vəziyyətini daha da pisləşdirib.

Belə bir durumda əhalinin əksər təbəqəsi kommunal ödənişlərdə də çətinlik çəkir. Sosial şəbəkələrdə və ictimaiyyətdə pandemiyalı dövrdə qaz və işığa qoyulan limitin artırılması, yaxud tamamilə götürülməsi ilə bağlı çoxsaylı çağırışlar edilir.

Xatırladaq ki, ötən il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Bundan əlavə Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kvts. həcmində müddətli artırılıb. İqtisadiyyat Nazirliyinin koronavirusun təsirinin azaldılması məqsədilə hazırladığı proqramda bu barədə qeyd edilib.

Məlumat üçün bildirək ki, hazırda ölkədə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Əhalinin sosial vəziyyətinin çətinləşdiyi bir dövrdə qaz bə işığa qoyulan limitin artırılması, yaxud aradan götürülməsi mümkündür?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ hələlik sosial sifariş kimi ortaya çıxmayıb:

“Bilirsiniz ki, ötən ilin yazında cənab Prezidentin göstərişi ilə bu məsələyə baxıldı. Həm qaza, həm də işığa olan limit bir qədər artırıldı. Qaz və işığa məsul olan qurumlar özünü maliyyələşdirən təşkilatlardır. Limit aradan götürülərsə, qaz və işığın pulunu dövlət büdcəsindən verməli olacağıq. Ona görə də burada bir balaca qənaət yolu seçilməlidir. Olar bilər ki, bu məsələdə ünvanlı yanaşma olsun. Sosial müdafiə təminatına daha çox ehtiyacı olan şəxslərə yönəlik bu addımı atmaq olar. Amma ümumilikdə əhaliyə olan bu limitləri aradan götürmək üçün bunu ölçüb-biçmək lazımdır. Bu, nə qədər büdcəyə başa gələcək və effektivliyi nə qədər olacaq? Bu baxımdan hesab edirəm ki, hazırda aparılan tədbirlər daha doğrudur”.

Deputat əlavə edib ki, işləməyən kateqoriyadan olan insanlar, yaxud daimi işi, rəsmi qaydada əmək müqaviləsi olmayan və hazırda işini davam etdirə bilməyən ailələrə sosial müavinətin verilməsi daha doğru yoldur:

“Amma işıq və qazın limitinə baxmaq üçün bir adamın subyektiv fikri ilə bu qərarın verilməsi mümkün olan bir məsələ deyil. Hər halda differensial yanaşma mümkündür. Dağ yerlərində, soyuq havanın daha çox olduğu ərazilərdə yaşayanları və onların gəlirlərini nəzərə almaqla bu məsələyə differensial baxmaq olar. Yenə deyirəm, bütövlükdə limitin aradan götürülməsini ciddi ölçüb-biçmək lazımdır. Buna o dəqiqə cavab vermək çox çətindir. Yəni bu, büdcəyə neçəyə başa gəlir? Əgər limiti götürəcəyiksə, o fərqi dövlət büdcəsi ödəyəcək. Düşünürəm ki, o vəsait daha səmərəli məqsədlərə , xüsusən koronaviruslu xəstələrin müalicəsinə, dərman təchizatının yaxşılaşdırılmasına və yaxud testlərin qiymətinin aşağı salınmasına yönəldə bilərik. Hesab edirəm ki, daha zəruri olan ehtiyacları ön plana çəkməliyik”.

5