2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.
Maliyyə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, 2021-ci il dövlət və icmal büdcənin layihələri “Büdcə sistemi haqqında” Qanunu Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı, habelə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülməklə tərtib edilib.
Növbəti ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.
Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln. manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 mln. manat və ya 6,6% çoxdur.
İcmal büdcənin xərcləri 31 163,4 mln. manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 mln. manat və ya 2,8% çoxdur.
2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 mln. manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 mln. manat və ya 7,7% azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7%-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz bəndi azdır.
Dövlət büdcəsinin göstəriciləri
2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2%-i həcmində və ya 8 330,3 mln. manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7%-i həcmində və ya 2 198,8 mln. manat vəsait yönəldiləcək.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 111,9 mln. manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 mln. manat və ya 5,3% çoxdur.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 116,0 mln. manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1% təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz bəndi azdır.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.