Azərbaycanda çörək, süd və ət məhsullarının qiyməti bahalaşa bilər - Ekspert

İQTİSADİYYAT
11:36 / 26.01.2021
1677

Rusiya mart ayının 1-dən taxıla eksport rüsumunu 2 dəfə artırır. İxracat kvotası daxilində buğdanın ixracat rüsumunun ton başına 1 martdan 50 avroya qaldırılması, həmçinin qarğıdalı (ton başına 25 avro) və arpa (ton üçün 10 avro) rüsumlarının tətbiqi barədə sənəd Nazirlər Kabinetinin saytında dərc edilib.

Azərbaycan da buğda idxalının böyük hissəsini Qazaxıstan və Rusiyadan idxal edir. Bu rüsum artımı daxili bazarda vəziyyətə necə təsir edərək?

Məsələni HİT.Az-a sabiq deputat, iqtisadçı-ekspert Nazim Bəydəmirli şərh edib. O, un, süd və ət məhsullarında qiymət artımının olacağını istisna etmədiyini bildirib.

"Əslində Rusiya hökuməti dekabrda elan etmişdi ki, fevralın 1-dən müxtəlif taxıl və eksport məhsullarının bəzilərinə daxili bazarda qiymət artımını önləmək üçün rüsum tətbiq edəcək. Bu da əsas olaraq un və digər məhsulların bahalaşmasının qarşısını almaq məqsədi daşıyırdı. Azərbaycan da buğdanın əksər hissəsini Rusiyadan idxal edir. Təbii ki rüsumlar artması birbaşa idxal edən ölkələrə təsir edir və həmin ölkələrdə qiymət artımına gətirib çıxara bilər. Ancaq Azərbaycanın strateji ehtiyatları taxıl fondunda toplanan buğda kifayətdirmi? Hansı keyfiyyətdədir? Bütün bunlar daxili bazarda qiyməti tənzimləmək üçün hökumətin əlində bir alət ola bilər". 

Ekspert əlavə edib ki, ölkədə əsasən də strateji məhsullarda idxaldan asılılıq kifayət qədər yüksəkdir. Bunun üçün ölkənin iqtisadi fəaliyyətini stimullaşdırmaq lazımdır: 

"Sahibkarlara şərait yaradılmalıdır. Təəssüf edirəm ki, təcrübədə müxtəlif böyük təsərrüfatların yaradıldığını görürük, amma onlar məmur sahibkarlığına xidmət edir və bir müddətdən sonra rəqabətədözümlü məhsul istehsal edə bilmir. Həm də Azərbaycanda istehsal olunan buğda çörək bişirmək keyfiyyətinə uyğun deyil. Deyək ki biz həm Rusiyadan, həm də Qazaxıstandan ildə təqribən 1 milyon 200, 1 milyon 500 min ton buğda idxal edirik. Eyni zamanda müxtəlif biznes strukturlarımız yem məhsulu üçün qarğıdalı və arpanı da bu ölkələrdən alır. Bu səbəbdən qonşu ölkədə atılan bu addım daxildə olan qiymət artımını tənzimləmək üçün atılsa da, müxtəlif ticarət tərəfdaşlarına, o cümlədən Azərbaycana da mənfi təsir göstərərcək. Bir daha xatırladım ki Azərbaycanda iqtisadiyyata nəzarət edən qurumlar "süni qiymət artımı" ilə mübarizə apardıqlarını deyirlər. Ancaq nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatında süni qiymət artımı deyə bir şey yoxdur. Ona görə də bazarın tam işləməsi üçün bütün maneələr aradan qaldırılmalı, alternativlər olmalı, monopoliya, inhisarçılıq tipli şeylərə son qoyulmalıdır".

Çingiz Səfərli

5