Rusiyadan geri qaytarılan pomidorlar qısa müddətdə bizim dəstəyimizlə Körfəz ölkələrinin və Qazaxıstanın bazarlarına çıxarıldı.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransda deyib.
Y.Abdullayev qeyd edib ki, 2019-cu ildə Azərbaycandan Qazaxıstana 1363 ton pomidor ixrac olunmuşdusa, yaranmış şərait nəzərə alınaraq, Rusiyadan geri qaytarılan pomidorun 800 tonu 1 ay içərisində ixrac olunub:
“2019-cu ilin 12 ayı ərzində həyata keçirilən ixracın 70 faizini 1 aya realizə etdik. Bəzi ixracatçılar Ukrayna, Belarus, Qazaxıstandakı ticarət evlərinə müraciət edərək, problemlərinin həllinə nail oldular".
Onun sözlərinə görə, ümumilikdə Rusiya tələbləri Avropa bazarının tələblərindən zəif deyil:
“Sadəcə biz sahibkarlarımızı həmin bazara fokuslandırmışıq. Rusiya həm logistika baxımından, həm də əlaqələr baxımından Rusiya bazarına üstünlük veririk. Rusiyaya satılan məhsuullar dünya standartlarına cavab verən, sertifikatlaşdırılmış məhsullardır”.