Mərkəzi Bank pulu necə qazanır və o pul Elman Rüstəmovundurmu? - ŞƏRH

İQTİSADİYYAT
15:27 / 30.01.2021
1493

"Mərkəzi Bank hər il dövlət büdcəsinə vəsait köçürür, indi isə deyir ki, bir hissəsini köçürməyəcəyəm, özümə yeni bina tikəcəyəm, pul mənimdir, özüm bilərəm".

Bunu hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Ekspert Mərkəzi Bankın qazancının nədən çıxması və nəyin hesabına özünə yeni bina tikdiyini açıqlayıb:

"Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, yeni binanı öz (Elman müəllim və yoldaşlarının yox, Mərkəzi Bankın) hesablarına tikəcəklər. Yəni, dövlət büdcəsi hesabına yox. Onu da vurğulayıb ki, əksinə, Mərkəzi Bank özü əldə etdiyi gəlir hesabına hər il dövlət büdcəsinə milyonlara vəsait köçürür. Məsələ ilə bağlı mənə daxil olan çoxsaylı sualları cavablandırıram: 

1. Dövlətin bir neçə cibi var. Ən böyüyü dövlət büdcəsidir. Onun gəliri əsasən vergi və rüsumlar hesabına formalaşır. Digər əsas cibi xalqın gələcək nəsilləri üçün ayrılan Dövlət Neft Fondudur. Gəliri, xalqa mənsub olan neftin satılması hesabına formalaşır. Başqa bir cib isə Mərkəzi Bankdır. Xalqın qəbul etdiyi Konstitusiyanın 19-cu maddəsində göstərilib ki, o, dövlətin müstəsna mülkiyyətindədir və pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız ona mənsubdur. Bu cib ona görə ayrılıb ki, hökumət xərclərini yeni pulların buraxılması hesabına həyata keçirərək inflyasiya (əsassız pul artımı olanda qiymətlər artır) törətməsin. Amma təbii ki, neft kimi, pul nişanları da xalqa məxsusdur. Neft Fondu kimi Mərkəzi Bank da pul qazanmaq üçün tər tökmür, gəlir özü sel kimi gəlir. Necə?

2. Qarabağda fəaliyyət göstərmiş erməni bankının və Kəlbəcərdə ermənilərlə bərabər qızıl çıxarmış şirkətin, habelə ölkəmizin müflisləşmiş ən iri iki bankının ("Bank Standard" və "Texnikabank") auditoru olmuş və illərlə o bankların pozuntularına göz yummuş, hazırda isə bizim Mərkəzi Bankın auditoru olan KPMG audit şirkətinin rəy verdiyi maliyyə hesabatarından görünür ki, Mərkəzi Bankın əsas gəliri banklarımıza verdiyi kreditlər üzrə faiz gəliridir. Yəni, xalqın Konstitusiya ilə ona verdiyi səlahiyyət əsasında Mərkəzi Bank pul çap edir (sadə dildə desək, havadan pul qayırır), həmin pulu banklara kredit kimi verir və faiz qazanır (paradoksal hal odur ki, bu model sələmçiliyə söykəndiyi üçün inflyasiya qaçılmazdır, bununla belə hesab olunur ki, mərkəzi banklar inflyasiya ilə mübarizə aparır). İndi təsəvvür edin ki, siz konfet kağızı buraxırsız, hamı da gəlir onu sizdən borc götürür və sizə faiz ödəyir. Yəni oturduğunuz yerdə rahat pul qazanırsız. Çətindir? Əlbəttə, yox. Bundan rahat qazanc ola bilməz. Hələ üstəlik Mərkəzi Bank çap etdiyi pulları xarici valyutaya da dəyişir və bunun müqabilində valyuta ehtiyatları formalaşır. Yenə təsəvvür edin ki, sizin buraxdığınız konfet kağızları müqabilində sizə xarici valyuta verirlər. Kim istəməz belə rahat valyuta qazancını? Hamı istəyər.

3. Bax, həmin bu qazanc hesabına Mərkəzi Bank hər il dövlət büdcəsinə vəsait köçürür, indi isə deyir ki, bir hissəsini köçürməyəcəyəm, özümə yeni bina tikəcəyəm, pul mənimdir, özüm bilərəm. Necə deyərlər, izahı bizdən, qiymətləndirilməsi sizdən".

2