Məcəlləyə əlavə: Nə üçün qızılı xammal kimi ixrac edirik?

İQTİSADİYYAT
15:59 / 01.02.2021
2260

Vergi Məcəlləsinə 164.1.54 - 164.1.55-ci maddələr əlavə edilir. Əlavə edilən maddələrə görə, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı; külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

İqtisadçı Pərviz Heydərov məcəlləyə olunan əlavəni şərh edib.

O bildirib ki, məlum əlavə bu sahədə çalışan sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırmağa xidmət edir: “Qızıl külçə halında olan xammaldan zinət əşyası hazırlamaq üçün müvafiq texnologiyalar idxal olunur. Tutaq ki, sahibkar zərgərlik məmulatlarının istehsalına investisiya yatırır. Bu məqsədlə ölkəyə xaricdən müvafiq texnologiyalar idxalını həyata keçirir. Hökumət bu texnologiya üzrə ƏDV-ni ona görə ləğv edir ki, həmin dəzgahların ölkəyə idxalı sahibkarlara daha ucuz başa gəlsin, yəni onlar əlavə vergilər ödəməsinlər. Hökumət bənzər addımları bundan əvvəl də atıb və bacardıqca bu sahədə bütün vergi məsələlərini sıfırlamaq siyasəti güdür”.

Sözügddən güzəştlərin qiymətlərə təsirinə gəlincə, ekspert qeyd edib ki, zərgərlik məsullarının tarifini bazar müəyyən edir: “Əlbəttə, demək olmaz ki, külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən azad olunması qiymətləri aşağı salacaq. Sadəcə olaraq qiymətin şişməsinə şərait yaratmayacaq.

Təbii ki, qızıl məmulatlarının qiyməti və satışı bununla formalaşa bilməz. Bu, dünya bazarındakı analoji məhsulların qiymətləri ilə bağlıdır. Burada dolayı yolla neftin qiyməti də müəyyən dərəcədə rol oynayır. Adətən investorlar neftin qiyməti düşəndə sərmayələrini qiymətli metallara yatırırlar. Yəni heç kəs gözləmsəsin ki, ƏDV-nin ləğvi ilə ölkə daxilində qızıl məmulatlarının qiymətlərində ucuzlaşma baş verəcək”.

Pərviz Heydərovun müşahidələrinə əsasən, daxili bazarda yerli istehsala məxsus qızıl və zərgərlik məmulatlarının satışı azdır: “Daxili bazarda satılan zinət əşyalarının əksəriyyəti Türkiyədən, Dubaydan, Rusiyadan, İtaliyadan gətirilir. Maraqlıdır ki, alıcı kütləsi də idxal məhsullarına üstünlük verir. Bu onu göstərir ki, yerli istehsal aşağı səviyyədədir.

Bu sahədə istehsalla məşğul olmaq üçün əlverişli şərait yoxdur. Tutaq ki, əlində 100 min manat vəsaiti olan sahibkar bu sahədə gözəl mütəxəssis olsa da, xaricdən qızıl məmulatını gətirməkdə daha maraqlı olacaq, nəinki ölkə daxildə avadanlıq alıb qızıl-zinət əşyası düzəltməyə. Çünki məhsulun maya dəyəri baha başa gəlir. Amma xaricdən gətirilən məhsullar daha ucuz başa gəlir. Bu sahədə yerli istehsalı stimullaşdırmaq üçün təkcə ƏDV-nin ləğv edilməsi azdır, başqa tədbirlər də həyata keçirilməlidir.

Niyə Azərbaycanın zərgərlik məmulatları xarici bazarlara ixrac olunmasın? Halbuki bu sahədə ölkəmizin qədimə söykənən ənənələri var. Əgər hökumət idxal məhsullarına rüsum tətbiq edib onların idxalını məhdudlaşdırsa, bu zaman daxili bazarda qiymətlər daha kəskin şəkildə artacaq”.

Mütəxəssis deyir ki, son dövrlərdə toyların olmaması da qızıl bazarında qiymətlərə təsir edən subyektiv amillərdəndir: “Yaxşı olara ki, gələcəkdə bu sahəyə xüsusi dəstək verilsin. Azərbaycanın qızıl ehtiyatları var və xaricə xammal şəklində ixrac edir. Amma hazır məhsul idxalı demək olar ki, yoxdur. Azərbaycanın qeyri-neft sektoruna aid malların ixrac siyahısına nəzər salsaq görərik ki, qızıl birinci yerdədir. Bu onu göstərir ki, xaricdə Azərbaycan qızılına maraq var. Deməli, yerli xammal şəklində alınan məhsulun keyfiyyəti standartlara cavab verir.

Hesab edirəm ki, əlvan metallardan hazırlanmış məmulatların satışının təşkili də stimullaşdırılmalıdır. İşğaldan azad olunmuş ərazilərdəki qızıl yataqları istifadəyə verilsə, onda Azərbaycanın qızıl ixrac potensialı genişlənəcək. Qızıl gəlirli bir sənayedir”.

0
Teleqraf.com