Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

İQTİSADİYYAT
20:02 / 05.02.2021
790

Fevralın 5–də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclası keçirilib.

Qurumdan HİT.Az-a verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin, habelə Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşlarının iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın tam azad edilməsi ili kimi həkk olunub.

Kollegiya iclasında Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları barədə məlumat verilib.  Bildirilib ki, səfərbərlik çərçivəsində nazirlik sistemində müxtəlif vəzifələrdə çalışan 17 əməkdaş Vətən müharibəsinə qatılıb, ərazi bütövlüyümüzün bərpası uğrunda şərəfli döyüş yolu keçiblər.

S.Şərifov Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərən əməkdaşlara öz təşəkkürünü bildirib, onların nazirlik sistemində nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, döyüş meydanında da cəsur əsgər kimi özlərini şərəflə doğrultduqlarını vurğulayıb. Təsadüfi deyil ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 6 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunub. Hətta 1 nəfər - Ağdaş Rayonu üzrə Maliyyə Şöbəsinin əməkdaşı Əlibala Manafov dövlət başçısının sərəncamları ilə 4 medalla təltif olunub.

2020-ci ilin sosial-iqtisadi yekunlarına gəlincə isə maliyyə naziri bildirib ki, bütün dünya dövlətləri kimi Azərbaycan iqtisadiyyatı da ötən il koronavirus pandemiyası sınağı ilə üzləşib. Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlər, iqtisadi fəallığın zəifləməsi və istehlak tələbinin daralması, neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması barədə qəbul edilən qərarlar ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Lakin, görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb.

Ölkədə yaranmış yeni iqtisadi reallıqlar operativ təhlil edilərək 2020-ci ilin iyul ayında dövlət büdcəsinə yenidən baxılıb, bəzi büdcə gəlirləri üzrə daxilolmalar dəqiqləşdirilib, prioritet kəsb etməyən xərclər ixtisar edilib, bir sıra zəruri sahələrin xərcləri isə artırılıb. Hesabat ilində Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən ölkənin səhiyyə sisteminin artan tələblərinin qarşılaması, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarına və biznesə iqtisadi dəstək tədbirləri, eyni zamanda, Silahlı Qüvvələrimizin müdafiə potensialının gücləndirilməsi və maddi-texniki təminatı ilə bağlı xərclər tam şəkildə maliyyələşdirilib.

Ötən ilin dövlət büdcəsinin icra vəziyyəti barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki, qeyri-əlverişli mühitə və çətinliklərə rəğmən 2020-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib. Belə ki, operativ məlumatlara əsasən 2020-ci  ildə icmal büdcənin gəlirləri 24 milyard 463 milyon manat, xərcləri isə 29 milyard 160 milyon manat icra olunub. İcmal büdcədə yaranmış 4 milyard 698 milyon manat kəsir proqnozlaşdırılmış 7 milyard 945 milyon manat kəsirə nisbətən 3 milyard 248 milyon manat və ya 40,9 faiz az olub.

2020-ci  ildə dövlət büdcənin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3 faiz, xərcləri  isə 26 milyard 416 milyon manat və ya 96,1 faiz icra olunub. Dövlət büdcəsinin kəsiri 1 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 3 milyard 368 milyon manat kəsirdən 1 milyad 631 milyon manat və ya 48,4 faiz azdır.

 Qeyd olunub ki, büdcə kəsirinin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra olunması hesabına yaranıb. Beləki, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7 milyard 387 milyon manat vəsait təmin edilib ki, bu isə proqnoza qarşı 197 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon manat vəsait təmin edilib. Bu isə proqnoza qarşı 108 milyon manat çoxdur. Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100 faiz və ya 12 milyard 200 milyon manat həcmində olub.

Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə dövlət büdcəsinə 596 milyon manat, sair daxilolmalar üzrə 558 milyon manat vəsait daxil olub.

A.Bayramov bildirib ki, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə 2020-ci il 1 yanvar tarixindən beynəlxalq təcrübəyə uyğun yeni vahid büdcə təsnifatının tətbiqinə başlanılıb. Bundan başqa, ötən il ərzində “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün ölkə ərazisində tətbiq edilməsi başa çatdırılıb, xəzinə əməliyyatlarının bu sistem vasitəsilə aparılmasını təmin etmək məqsədilə respublikanın şəhər və rayonlarında regional xəzinədarlıq idarələri yaradılıb, şəhər və rayonlar üzrə maliyyə orqanlarında xəzinə əməliyyatları və xəzinə əməliyyatlarının uçotu ilə bağlı struktur bölmələrinin funksiyaları yeni yaradılan regional xəzinədarlıq idarələrinə verilib.

“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin tətbiqi nəticəsində kredit sərəncamçılarının pul vəsaitlərinin son təyinatına çatdırılması sürətləndirilib, büdcə daxilolmalarının ayrı-ayrı büdcə səviyyələri və tədiyyə növləri üzrə uçota alınması tamamilə avtomatlaşdırılıb, xəzinədarlıqda və büdcə təşkilatlarında elektron sənəd dövriyyəsinin daha geniş şəkildə tətbiqinə imkanlar yaradılıb.           Sistemin tətbiqi prosesində dövlət büdcəsinin icrası mexanizminə edilən dəyişikliklərin biri də bütün növ bank əməliyyatlarının real vaxt rejimində Dövlət Xəzinədarlığının Mərkəzi Bankında olan vahid xəzinə hesabı vasitəsilə həyata keçirilməsindən, büdcə və büdcədənkənar daxilolmaların mərkəzi xəzinədarlığa birbaşa mədaxil edilməsindən və avtomatik uçota alınmasından ibarət olub.

Maliyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinin tətbiqinin genişləndirilməsi baxımından ötən il ərzində bir sıra mühüm addımlar atılıb, dövlət büdcəsinin icrasına dair hesabatların elektron sənəd formasında qəbul və emal edilməsinə qərar verilib və 2020-ci ilin 1 aprel tarixindən elektron imza ilə təsdiq edilmiş aylıq, rüblük və ilin əvvəlindən artan yekunla hesabatların elektron sənəd formasında qəbul edilməsinə başlanılıb.

Həmçinin, “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24 saat / 7 gün / 365 gün rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən “Ani Ödəniş Sistemi”nin infrastrukturuna inteqrasiya olunub.

Eyni zamanda, büdcə daxilolmalarının daha operativ emal edilməsi məqsədilə Agentliklə Dövlət Gömrük Komitəsi arasında məlumat mübadiləsini sürətləndirməyə imkan verən əlavə elektron servis istifadəyə verilib.

Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına dövlət maliyyəsinin xərclənməsində, satınalma qaydalarına əməl edilməsində baş verə biləcək kənarlaşma hallarına qarşı barışmaz mövqe nümayiş etdirmələri, öz səlahiyyətləri çərçivəsində mübarizə aparmaları barədə konkret tapşırıqlar verib. Maliyyə naziri bildirib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyəmizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq. İlk növbədə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər.

2020-ci il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı aparılan nəzarət tədbirlərindən danışan Kollegiyanın sədri bildirib ki, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Kollegiya iclasında qeyd olunub ki, artıq Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamına əsasən 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə sonrakı üç il üçün büdcə xərclərinin tərtibi prosesinə start verilib. Funksional təsnifatının “təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi” pilot bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi sənədinin layihəsinin hazırlanmasına, göndəriləcək müvafiq təlimat məktubuna əsasən sifarişlərin qəbuluna başlanılacaq. Ötən ildən fərqli olaraq cari ildə pilot bölmələr üzrə proqram və tədbirlərin icrasının monitorinqi aparılacaq.

 Maliyyə naziri qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun, vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib, hazırda geniş imkanlara malik yeni büdcə proqnozlaşdırma proqramının tətbiqi ilə bağlı son tamamlanma işlərinin aparıldığını qeyd edib.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin cari il üçün qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayan Kollegiyanın sədri Samir Şərifov bildirib ki,  işğaldan azad olunmuş ərazilərdə artıq icrasına başlanılmış bərpa-yenidənqurma və quruculuq işlərinin aparılması,  iqtisadiyyatın artım tempinin bərpa edilməsi, iqtisadi fəallığa təkan verilməsi, koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, o cümlədən peyvəndləmə prosesinin başa çatdırılması, post-pandemiya dövründə də ölkə iqtisadiyyatının canlandırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən proqramların, iqtisadi və sosial dəstək tədbirlərinin maliyyə təminatının yaradılmasıdır.

Bununla əlaqədar 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb ki, bu tədbirlər hesabına da ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcəkdir.

İclasda 2020-ci il ərzində mühasibat uçotu sahəsində görülmüş işlər barədə məruzə dinlənilib, mühasibat uçotu sahəsində beynəlxalq standartların tətbiqi və qanunvericilik aktlarının həmin standartlara uyğunlaşdırılması məqsədilə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi, bəzilərinin yenidən hazırlanması və təsdiq olunması, habelə qüvvədə olan qanunvericilik aktlarının icrası ilə əlaqədar işlərin ardıcıl şəkildə davam etdirildiyi bildirilib. Qeyd olunub ki, Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində “Kiçik sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” və “Orta və iri sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” mövzuları üzrə təlim modulları və materialları internet saytları və sosial şəbəkələr vasitəsilə yayılaraq, uçot işçilərinə və mühasiblərə çatdırılıb.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

0