Yeni su anbarları tikiləcək

İQTİSADİYYAT
17:22 / 09.02.2021
986

“Azərbaycanda 140-dan çox su anbarı var ki, bu anbarlarda 21.9 milyard kubmetr su təşkil edir. Bu sular iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır və strateji məhsul kimi qorunur”.

HİT.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. O qeyd edib ki, Azərbaycanda ən böyük su anbarı Mingəçevir Su Anbarıdır. Kənd təsərrüfatında suya olan tələbatın ödənilməsində bu anbar mühüm rol oynayır.

Nazirlik rəsmisinin sözlərinə görə, son dövrlər yağıntıların az olması su anbarlarında suyun azalmasına səbəb olub, lakin görülən tədbirlər çərçivəsində suları stabilləşdirmək mümkün olub. Sudan istifadə edən qurumlara müvafiq normaların verilməsi və qənaətlə istifadə olunması nəticəsində su ehtiyatımız qorunur.

M. Əbdülhəsənov həmçinin bildirib ki, Prezidentin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və yaxud da yenilərinin tikilməsi nəzərə tutulur: “Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyində olan çaylarımızdır. Misal olaraq Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yeyikçay, Kiçik Qafqazda isə Viləşçay, Zəyəmçay su anbarlarının tikilməsi nəzərdə tutulur. Bu su anbarlarının texniki iqtisadi əsaslandırmaları hazırlanır. Bununla bağlı aidiyyəti dövlət qurumları fəaliyyət göstərir. Hesab edirik ki, yaxın illərdə bu su anbarlarının tikintisinə başlanılacaq”.

0