Azərbaycan Dəmir Yolları QSC-ni qalmaqallı dərman şirkəti ilə nə birləşdirir?

İQTİSADİYYAT
17:57 / 10.02.2021
1961
Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti Yol Sanitar Karantin Müfəttişliyi kotirovka sorğusu əsasında dərman preparatlarının satın alınması üzrə Epidbiomed MMC ilə iki müqavilə bağlayıb.
 
Qaynarinfo xəbər verir ki, məbləği 35 min 990 və 49 min 945 manat 86 qəpik  olan müqavilələrin şərtləri açıqlanmayıb.
 
Araşdırmalar zamanı məlum oldu ki, 2004-cu ildə yaradılan şirkətlə 09.04.2019 tarixindən indiyə kimi 20 satınalma müqaviləsi bağlanılıb. Bağlanılan müqavilələrin tərəflərindən 10-u Azərbaycan Dəmir Yolları QSC olub. 
 
10 manat nizamnamə kapitalına malik şirkət 19.11.2004 tarixində Yasamal rayonu, Cəfər Cabbarlı, ev 6 ünvanında dövlət qeydiyyatına alınıb. Reyestr sənədlərinə sonuncu dəfə 2020-ci ilin martın 6-da dəyişiklik olub. Şirkətin qanuni təmsilçisi Məmməd Əli Əliyev Sabir oğludur. 
 
 
 
27 aprel 2018-ci ildə Epidbiomed MMC-nin təsisçisi Namiq Əliyev saxta, mənşəyi məlum olmayan dərman vasitələrinin idxalını və satışını təşkil etməkdə ittiham olunaraq həbs olunub. 
 
Baş Prokurorluğun mətbuat xidmətinin Namiq Əliyev başda olmaqla ölkəyə saxta dərmanlar idxal edən şəxslərin saxlanılması ilə bağlı yaydığı məlumatda deyilir ki, son dövrlər belə qanunsuz fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi əhalinin haqlı narazılığına səbəb olub və bu barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
 
 
Həmin tədbirlər çərçivəsində Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan "Sanimed” və "Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib”.
 
 
 
Məlumatda deyilir ki, toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
İlkin istintaq materialları ilə müəyyən edilib ki, Sanimed MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
 
 
 
"Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar veriblər, nəticədə idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub”, - Baş prokurorluq qeyd edir.
 
Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri də müəyyən edilib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.
 
Habelə, istintaq-əməliyyat tədbirləri zamanı əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 9 adda 51 qutu dərman vasitəsinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.
 
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən "qara mühasibatlıq” sənədləri, eləcə də Epidbiomed MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
 
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib…”
 
0