Ləğv olunan 13 milyonluq şirkət Ziya Məmmədovun qardaşınındır - İstintaqa çağırıldıqdan sonra...

İQTİSADİYYAT
17:54 / 11.02.2021
2324

"Krosvey" MMC ləğv olunduğunu elan edib.  Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.

Məlumatda qeyd edilir ki, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin də rəhbərliyində təmsil olunub.

"AzPolitika.info" məlumat verir ki, "Krosvey" əslində 2019-cu ildə yaradılmayıb. Bu şirkət Azərbaycanda 2004-cü il martın 1-də  yaradılan “Bakı-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyətinin(MMC) adının dəyişdirilməsi nəticəsində yenidən qeydiyyatdan keçib. Bu barədə həmin vaxt verilən məlumatda şirkətin yenidən təşkil olunaraq "Krosvey" MMC-yə çevrildiyi elan edilmişdi. 

Qeyd edək ki, təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD şirkəti göstərilən "Bakı XXI Əsr” MMC-nin qanuni təmsilçisi İsmayıl Əliyev olsa da, sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat, AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri vəzifəsini tutan Elton Məmmədovdur.  Elton Məmmədovun özü də mətbuata müsahibələrinində şirkətin təsisçisi olduğunu etiraf edib.

Şirkət 2005-2009-cu illərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirib. Bəzi məlumatlara görə, qardaşı Ziya Məmmədovun  tövsiyəsi ilə Elton Məmmədov “Bakı-XXI Əsr” MMC-ni məhz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına ayrılan 10 milyonların "yadlara" qismət olmaması üçün yaradıb.

Mətbuatda yayılan məlumatlara görə, Bakı Avtovağzal Kompleksi 80-100 milyon dollara başa gətirilib. Bu vəsaitin nə qədərinin mənimsənildiyi haqda isə dəqiq məlumat yoxdur. 

Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxildir. Kompleksin idarə edilməsi də son illərə qədər Elton Məmmədova aid “Bakı-XXI Əsr” MMC tərəfindən həyata keçirilib. 

2017-ci ildə Kompleksin Elton Məmmədovdan alındığı xəbəri yayılsa da, sabiq deputat bunu təkzib etmişdi. 

“Mən də sizə sual verirəm, kimsə sizin özəl mülkiyyətinizi əlinizdən ala bilər? Deməli bu məsələni qaldırmağın özü yersizdir”- deyə, məlumatlara Məmmədov qəzəbli reaksiya vermişdi.

Ancaq Məmmədov təkzib etsə də, məlumatlı mənbələr həmin vaxt Kompleksin böyük hissəsinin onun nəzarətindən çıxarıldığını bildirirdilər. 


Elə heç bir açıqlama verilmədən 2019-cu ildə “Bakı XXI Əsr” MMC-nin adında dəyişiklik edilərək, yeni “Krosvey” MMC yaradılması da (şirkətin istifadəsində avtovağzal ərazisində eyni adlı mehmanxana var) bununla əlaqələndirilirdi. “Krosvey” MMC-nin direktoru vəzifəsinə isə Cümşüd Bağırov təyin olundu. O, həmçinin avtobus sərnişin daşınması ilə məşğul olan “Azerbaijan Ground Services” şirkətinə rəhbərlik edib. 

Ötən ilin fevralında isə  "Bakı XXI Əsr” MMC-nin qnuni təmsilçisinin də dəyişdiyi, İsmayıl Əliyevin yerinə Səidə Əflatun qızı Baxşıyevanın təyin edildiyi haqda məlumat yayıldı. Bunu isə məlumatlı mənbələr Beynəlxalq Avtovağzal Kompleksinin Elton Məmmədovun nəzarətindən tam olaraq çıxarılmasına başlanılması ilə izah edirdilər.  

Bu gün "Krosvey" MMC-nin ləğv olunduğunun elan edilməsi prosesin başa çatdırıldığını göstərir. Maraqlıdır ki, "Krosvey" MMC-nin ləğv olunması qərarı Ziya Məmmədovun istintaqa çağrılmasına dair məlumatlar yayıldıqdan sonra verildi. Təsadüfdürmü?

1