“Cip” sürənlərin sayəsində neft sürətlə bahalaşır - 100 dollara çata bilər

İQTİSADİYYAT
16:55 / 18.02.2021
1924

Dünyanın neft ticarəti və təhlili sahəsində nüfuzlu adları neft qiymətlərinin daha bir artım dövrünün başlana biləcəyini deyirlər. Oilprice.com saytının yazdığına görə Goldman Sachs bankından Cefri Karri və JPMorgan şirkətindən Kristyan Malek bildiriblər ki, onlar neft qiymətlərinin daha bir “superartımının” yaxınlaşdığına inanırlar. Onlar neft qiymətlərinin bir barrel üçün 80, hətta 100 dollara çatacağını düşünürlər.

Lakin 2008-2014-cü illər arasında neft qiymətinin $100+ proqnozunu düzgün vermis neft təhlilçisi Arjun Murti deyir ki, daha bir “superartım” barədə danışmaq bir qədər tezdir. Malek bildirib ki, neftə tələbatın təchizatı üstələyəcəyi vaxt hələ çox uzaqdadır.

Bununla belə Oilprice.com saytının yazarı Culian Geyger qeyd edir ki, “superartım” proqnozlarının indi ilə gətirilməsinin səbəbi sadədir. Onun fikrincə, ABŞ hökumətinin əhali üçün nəzərdə tutduğu stimul paketlərinin istehlakı yüksəldəcəyi gözlənilir. Karri də bu qənaətdədir ki, ABŞ hökumətinin yardımı aşağı və orta gəlirli ailələrin material və mal istehlakına təkan verəcək. Karri deyib ki, “bu adamlar Tesla yox, SUV (“ciplər”)  sürürlər”.

Murti isə düşünür ki, əgər neftə tələbat gələn il ərzində günə 500 min barrel artmasa, tələb təklifi ötə bilməyəcək.

2020-ci ildə pandemiyaya görə neftə tələbat günə təxminən 10 milyon barrel azalıb. Bununla belə, bəzi ekspertlərin fikrincə, əgər tələbat günə 1.4 milyon barrel artarsa, bunun ardınca qiymət “superartımı” gələ bilər. Neft ticarətçisi Pier Andurand “Financial Times” qəzetinə deyib ki, neft qiymətlərinin taleyi tamamilə OPEC-in əlindədir. Söhbət kartelin hasilatı hansı səviyyədə saxlayacağından gedir. Andurandın fikrincəq qiymət artımına İranın qlobal bazara qayıtması və OPEC-in hasilatı artırması mane ola bilər.

Ötən qiymət “superartımından” milyonlarla dollar mənfəət əldə etmiş başqa bir qocaman treyder – Endi Hol Financial Times qəzetinə deyib ki, neft qiymətlərinin azalması “xroniki” haldır və hər hansı qiymət “supertımına” ümid xam xəyala bənzəyir.

Qeyd edək ki, hazırda Azərbaycanın Azeri Light neftinin bir barreli 65.38 dollaradır. Bu, büdcədə göstərilmiş qiymətdən 15 dollar bahadır və deməli Azərbaycanın valyuta ehtiyatları, gəlirləri il ərzində gözlənildiyindən çox olacaq.

0
Virtualaz.org