Bu yay daxili turizmdə tələb təklifi üstələyə bilər. Üstəlik, çox zaman xaricdə dincəlməyə üstünlük verənlər bu il yerli sahibkarlardan yüksək keyfiyyət tələb edə bilərlər. Həm bu amil, həm də yer çatışmazlığı isə qiymət artımını qaçılmaz edir
Koronavirus pandemiyası ilə əlaqədar turizm mərkəzlərinin öz qapılarını turistlərin üzünə nə vaxt açacağı hələ dəqiq bəlli olmasa da, artıq bəzi istirahət məkanları yay mövsümü üçün rezervasiyalara başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, turizm yerləşmə məkanlarında artıq yay ayları üçün rezervasiyalar qəbul olunur.
Məsələn, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Atlant Hotel Nabran” istirahət mərkəzi müştərilərdən rezervasiyaların qəbuluna başlayıb. İstirahət mərkəzindən Sputnik Azərbaycan-a bildirdilər ki, turistlər ancaq iyun ayından etibarən qəbul ediləcəklər: “May ayı üçün otellərin, turizm məkanlarının fəaliyyətinə icazə verilmir. Amma iyun ayından etibarən turistlərin yer bron etməsi mümkündür”.
O da qeyd olundu ki, həftəiçi bu məkanda istirahət etmək istəyən şəxs otel qiyməti daxil 1 gün üçün 240 manat ödəməklə 4 nəfərlik ailə ilə istirahət edə bilər. Həftəsonu üçün qiymətlər bir qədər fərqlənir. Mərkəzdən artıq turistlər tərəfindən rezervasiyalar edildiyini bildirdilər.
“Qafqaz Resort Hotel”dən də bildirdilər ki, artıq yay mövsümü üçün rezervasiya mümkündür. İyun ayından Qafqaz Sport Hoteldə 1 gün üçün iki nəfərlik rezervasiya 192 manata başa gəlir. Bu qiymətə ancaq səhər yeməyi daxildir.
Əlaqə saxladığımız digər otellərdə də iyun ayı üçün rezervasiyalara start verildiyini bildirdilər.
Qeyd edək ki, may ayının 31-də ölkədə karantin müddəti başa çatmalı olsa da, bu müddətin uzadılıb-uzadılmaması hələ sual altındadır. Bununla belə, artıq turizm məkanlarında, qeyd etdiyimiz kimi, rezervasiyaların qəbuluna başlanılıb. Turizm üzrə ekspertlər yay fəsli üçün erkən rezervasiyaları bu mövsüm daxili turizmə tələbatın kəskin şəkildə artacağı ilə izah edirlər.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu yay daxili turizmdə tələb təklifi üstələyə bilər. Həmsöhbətimiz deyir ki, bu turizm mövsümündə sərhədlərin açılması koronavirusla bağlı baş tutmaya da bilər: “Həmçinin istirahət üçün xarici ölkələri seçən turistlər bu mövsüm virusun yayılması ilə əlaqədar uçuşlar bərpa olunsa belə, daxildə istirahətə üstünlük verə bilərlər. Ona görə də daxili turizmə kəskin tələbat yaranacağı qaçılmazdır. Bu səbəbdən insanların yay fəslində istirahət üçün indidən rezervasiya etməsi başadüşüləndir. Mənim fikrimcə, bu yay daxili turizmə tələbat daha çox olacaq. Hətta turizmin inkişaf etdiyi bölgələrdə nəinki istirahət məkanlarının, kirayə evlərin də çatışmazlığı hiss oluna bilər. Ona görə insanlarda təlaşın olması normaldır”.
M.Ağakərimov deyir ki, hazırda daxili turizmin inkişafı istiqamətində iş aparılır: “Qeyd edim ki, rezervasiyalar qəbul olunsa da, ilk növbədə yerləşdirmə müəssisələri pandemiya dövrünün tələblərinə hazır olmalıdır. Düzdür, indi turizm yerləşmə yerlərinin gigiyeniyası ilə bağlı yeni qurum yaradılıb. SAHMAN adlı qurum vasitəsilə turizm istirahət məkanlarında koronavirus pandemiyasına görə işlər aparılacaq. Amma bununla yanaşı, hər rayonun epidemioloji gigiyenik qurumları var. Onlar da turizm məkanlarında sanitar vəziyyətə nəzarət etməlidirlər”.
Ekspertin fikrincə, turizm yerləşmə mərkəzləri ilə bağlı təklif olunan yeni qaydalara da yenidən baxmaq lazımdır: “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə bu günlərdə “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region otellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirə keçirildi. Müzakirələrdə karantin dövründən sonra otellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, otellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıldı.
Orada belə bir fikir səslənib ki, otel nömrələrindən istifadə edən müştəri oteldən çıxş etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək. Halbuki, müştəri çıxan nömrəni 48 saat boş saxlamağa ehtiyac yoxdur. Orada 5 saat dezinfeksiya təmizlik işləri aparmaq kifayətdir ki, həmin nömrəyə yeni müştəri qəbul olunsun. Onu da nəzərə almaq lazımdır ki, yayda turizm yerləşmə yerlərinə tələbat artacaq. Bu, otellərdə yer çatışmazlığına səbəb ola bilər”.
M.Ağakərimov bildirir ki, bu mövsüm daxili turizmdə qiymətlərin aşağı olacağı vəd edilsə də, bu özünü doğrultmaya bilər: “Turizm sahəsi özəl sahədir. Burada qiymətləri bazar tənzimləyir. Əgər tələb təklifi üstələsə, qiymətlər bahalaşa bilər.
Amma fors-major halında çalışmaq lazımdır ki, qiyməti yüksək olmasın. Turistlər xeyri özümüzə versinlər”. Bundan əlavə, ekspert deyir ki, daxili turizmdə bu il tələb artmaqla yanaşı, tələbkarlıq da artacaq: “Nəzərə almaq lazımdır ki, bu il xaricə istirahət üçün üz tutanların çoxu daxildə dincəlməyə üstünlük verəcək. Onlar xarici ölkələrdə yüksək xidmət görən turistlərdir. Sözsüz ki, onlar burada da yüksək xidmət tələb edəcəklər. Ona görə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar bu məqamı nəzərə almalı, xidmət səviyyəsini yüksəltməlidirlər ki, bu il öz ölkəsində dincəlməli olan daxili turistlər növbəti il də daxili turizmə üstünlük versinlər”.
M.Ağakərimov bu mövsüm daxili turistlərin tuizm bölgələrində istirahəti üçün yerləşmə yerlərinin çatışmazlığını aradan qaldırmaq üçün işlər görülməli olduğunu deyir. Onun sözlərinə görə, yeni yerləşmə yerlərinin inşası ilə yanaşı, azbüdcəli turistləri nəzərə alaraq çadır turizmini inkişaf etdirmək lazımdır: “Mən bu təklifi dəfələrlə səsləndirmişəm. Biotualetlər quraşdırmaqla turizmin inkişaf etdiyi bölgələrdə çadır turizmini təşkil etmək olar. Ona görə də turizmə aid qurumlar birləşməlidirlər. Hərə öz kabinetindən bir metodik təlimat hazırlamaqla işini bitmiş hesab etməli deyil”.