Gələn ay qardaş ölkəylə Preferensial Ticarət Sazişi qüvvəyə minəcək

İQTİSADİYYAT
11:16 / 22.02.2021
1002

"Gələn aydan Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minəcək. Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir”.

HİT.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, pandemiyanın təsirlərinə rəğmən, ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub:

"4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır”.

Deputat əlavə edib ki, artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər:

"Gələn aydan qüvvəyə minəcək Preferensial Ticarət Sazişi çərçivəsinin mərhələli şəkildə genişləndirilməsi bütövlükdə, qarşılıqlı olaraq xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumları sıfra endirməsi daha məqsədəuyğundur. İki qardaş ölkə arasında tam azad xarici ticarət rejiminin formalaşdırılması 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatılması baxımından da vacibdir”.

0