Neftin qiymətləri 100 dollar səddini keçə bilərmi? - ŞƏRH

İQTİSADİYYAT
12:21 / 27.02.2021
2097

Hazırda neftin dünya bazarındakı qiyməti artmaqda davam edir. Bu “Azeri Light” markalı Azərbaycan neftinin qiymətinə də təsir edir. Bazarda nikbin proqnozlar hökm sürür. Nəzərə alsaq ki, dünyanın alternativ enerjiyə keçid etdiyi bir dövrdə yaşayırıq, bunun fonunda neft nə dərəcədə bahalaşmağa davam edə bilər? Üstəlik, bazar bu gün bəzi faktorlara asılı şəkildə formalaşır. Xüsusilə də, gündəlik və dövri proseslər də neft qiymətlərində drayver rolunu oynayır. Bütün bu hallarda neft əvvəlki şöhrətini bərpa edə bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında məsələyə bir neçə aspektdən yanaşıb.

Neft qiymətləri 2020-ci ilin 8 yanvar tarixindən bu yana ən yüksək həddədir

Hazırda neftin bir barelinin qiymətinin 68 ABŞ dollarına yaxınlaşdığını deyən ekspert bildirib ki, ümumilikdə, dünya bazarında neft qiymətləri ilə bağlı pozitiv ab-hava mövcuddur:

“Bu proqnozların səbəbi isə ondan qaynaqlanır ki, birjalar müəyyən neqativlikləri artıq arxa planda qoyublar. İlk növbədə koronavirusa qarşı vaksinasiya prosesinin icrası, Hindistan kimi bir ölkədə yanacağa (xüsusilə, benzinə) olan tələbatın artması ilə əlaqədar statistikanın açıqlanması, Avropada COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlətin yumşaldılması və s. bu kimi səbəblər mövcuddur. Bazarın isə hazırda kökləndiyi məsələ budur: Tədricən post-pandemiya dövrünə keçid edirik və yumşalmalar enerjiyə olan tələbatı artıracaq”.

Neftin qiyməti 70 ABŞ dollarını da ötə bilər...

Ekspertin sözlərinə görə, martın 4-də OPEK+ iştirakçıları aprelin 1-dən etibarən hasilat həcmləri ilə bağlı qərar verməlidirlər:

“Hasilatı fevral və mart aylarındakı səviyyədə saxlasalar, neftin bir barelinin qiyməti 70 ABŞ dollarını da ötə bilər. Yaxud onlar yeni kvotalar müəyyənləşdirə bilərlər və artıq hasilat bir qədər artırılmalıdır ki, bu da bazarda qiymət artımını səngidəcək. Nəzərə alsaq ki, ABŞ-da gündəlik neft hasilatı 3,5 milyon barel azalıb, bu bazara təsirsiz ötüşmür. Lakin, proses həmişə belə davam etməyəcək. Mövsümi dəyişikliklərə görə, hazırda işləməyən quyular yenidən işə düşəcək. Mart ayında bu neft quyularının işə düşməsi özünü statistikada büruzə verəcək və neft qiymətləri ilə bağlı birjalarda “yaşıl”ları “qırmızı”lar əvəz edəcək”.

Əgər...

İlham Şabanın sözlərinə görə, fors major hallarda neftin bir barelinin qiyməti 100 dollar həddini ötə bilər:

“Gün ərzində hər hansı bir partiya 80 və ya 100 dollara da satıla bilər. Əgər, İran Səudiyyə Ərəbistanın hansısa yatağını raketlə vursa, bundan sonra hamıda belə bir düşüncə yaranacaq ki, Dünya Müharibəsi olmasa da, ən azından Körfəz Müharibəsi başlayacaq və həmin anda neftin qiyməti 100 dollara qədər arta bilər. Lakin, İran bir müddət sonra bunun bir səhv olduğunu deyir və üzr istəyir. Bununla da neft yenidən 60 dollara satılmağa başlayır. Yəni, hər şey ola bilər. Fors major şəraitində bu kimi hallar baş verə bilər. Lakin, biz məsələyə bir qədər soyuqqanlı yanaşmalıyıq.

Əslində, neftin bir barelinin qiymətinin 80-100 dollar olması ilə bağlı proqnoz bir gün üçün verilir. “Goldman Sachs” deyir ki, neftin qiyməti 100 dollar ola bilər. Ancaq nə vaxt? Bir neçə ildən sonra. Ola da bilər, olmaya da bilər. Bu proqnozlar sadəcə sektoru kreditləşdirmək üçün ümid verir və müştəri cəlb edir.

Fikrimcə, normal analitik mərkəzin proqnozunda xəta 5 faizdən artıq ola bilməz. Lakin, indi neft qiyməti üçün 45-65 dollar, hətta, 60-80 dollar arasında proqnoz verirlər.  40-50 faiz arasında xəta ilə Azərbaycanda istənilən iqtisadiyyatdan yazan jurnalist proqnozlar verə bilər”.

Bəs sonra...

İlham Şaban qeyd edib ki, BP şirkətinin hesabatına əsasən, 2025-ci ilə qədər neftin orta qiyməti 50-60 dollar arasında dəyişəcək:

“Bu arada kimsə neftin bir partiyasını 500 dollara da sata bilər. Lakin, bunun illik qiymətə heç bir aidiyyatı yoxdur. Digər tərəfdən düşünmək lazımdır ki, neftin qiymətinin 100 dollar olması Azərbaycana nə verəcək? Yəni, belə olduğu halda hər hansısa bir proqram tətbiq ediləcəkmi? Bəli, bu dövlətə kifayət qədər gəlir gətirəcək. Bəs, sonra? Ona görə də, biz neft qiymətlərindən daha çox vəsaitlərin səmərəli xərclənməsi məsələsinə diqqət ayırmalıyıq”.

0
oxu.az