Əmlak Məsələləri Dövlət Xidməti matrın 30-da növbəti hərrac barədə elan verib.
Həmin gün Azərbaycanda fəaliyyət göstərən nazirliklərin, Baş Prokurorluğun, icra hakimiyyətinin balansında olan 36 nəqliyyat vasitəsinin satışa çıxarılması planlaşdırılıb. Onlardan 22-si Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlara aiddir.
Nəqliyyat vasitələrindən ən ucuzunun ilkin satış qiyməti 400 manatdır. “Motosklet SC150ZH” markalı nəqliyyat vasitəsi 2011-ci ildə istehsal edilib. 2014-cü ilə aid olan “Motoroller” və “Motosikl SHANYANQ ZL150ZH”ı isə 500 manata almaq olar.
Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan traktorlar, yük maşınları, ekskavator, lafet və digər nəqliyyat vasitələri də yer alıb. Onların ən ucuzunun ilkin hərrac qiyməti 1100 manatdan başlayır. Digərlərinin qiymətləri 2000-4500 manat arasında dəyişir. Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsus olan “Mercedes S350” markalı maşın 6 000 manat, “Nissan Maxima” isə 4 500 manata satılır.
Hərrac elanında Baş Prokurorluğun balansında olan maşınlar da yer alıb. Onlardan “Volkswagen Passat” və “UAZ 3962” markalı maşının hər birinin ilkin satış qiyməti 5 000 manat müəyyən edilib.
Siyahıda ən bahalı maşın “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Toyota Land Cruiser”dir. 1999-cü ilə aid olan maşın 23 250 manata satılır.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin balansında olan “Mitsubishi L200” markalı maşın 20 000 manat, “Nissan Pickup” isə 12 000 manata hərraca çıxarılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Mitsubishi Galant”ı (2006) 7 200 manata təklif olunur. Siyahıda daha ucuz qiymətə olan maşınlar da yer alıb. Daha ətraflı buradan tanış ola bilərsiz.
Xatırladaq ki, hərracda iştirak etmək istəyən vətəndaşlar öncədən maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.
Valyuta.az