Paytaxtda tramvay xətləri haranı əhatə edəcək? - XƏRİTƏ

İQTİSADİYYAT
11:44 / 03.03.2021
3975

Bakıda nəqliyyat infrastrukturu yenidən qurulur. Bu çərçivədə müxtəlif nəqliyyat növlərinin inkişafı planlaşdırılır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələnin gündəmdə olduğunu bildirib:

“2021-2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində bu məsələ də gündəmdədir. 2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq.

Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir”, - deyə qurum rəsmisi bildirib.

Bəs Bakıda hansı ərazilərdə tramvay xətlərinin olması məqsədəuyğundur?

Bu və digər məqamlara aydınlıq gətirmək üçün nəqliyyat eksperti Ərşad Hüseynovla əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, əgər Bakını müasir şəhər etmək istəyiriksə, orada tıxac olmasın, smart şəhər elementləri olsun, bu zaman ictimai nəqliyyat mükəmməl olmalıdır. Onun sözlərinə görə, bunun üçün ictimai nəqliyyatı çeşidli etmək lazımdır.

“Bakı kimi şəhərin böyük metro şəbəkəsi olmalıdır. Bu şəbəkənin 25 yox, 200 stansiyası olmalıdır. Burada avtobus və tramvay şəbəkəsinin mövcudluğu da mütləqdir.

Belə yanaşdıqda paytaxtın bütün ərazilərinə tramvay xətləri çəkilməlidir. Amma alqoritmin ikinci tərəfi var. Birinci növbədə o boyda tramvay xəttini çəkmək üçün böyük miqdarda investisiya lazımdır. İkinci növbədə isə şəhər küçələri sökülərək yenidən tikilməlidir.

Ona görə də tramvay şəbəkəsini düzgün yerdən başlamaq lazımdır. Həmin ərazidə yenidənqurma işləri aparılmalıdır. O işləri görərkən hərəkətin iflic olmaması üçün qabaqlayıcı tədbirlər görülməlidir”, - deyə ekspert bildirib.

Ərşad Hüseynovub bildirdiyinə görə, əsas məqam odur ki, digər işlər kimi tramvay xətləri də göstərici xatirinə çəkilməsin: “Tutaq ki, göstərici üçün 300 metr tramvay xətti yaratdıq. Bunu yaratmaq üçün konkret inkişaf strategiyası olmalıdır. Dəqiq hədəflər olmalıdır.

İnvestisiya tərəfi, həmin pulun geri qayıtma qabiliyyəti hesablanmalıdır. İşlər mərhələli şəkildə 300 metrdən başlayıb, 500, 1000 metrə qədər uzadılmalıdır. Daha sonra bu xətlər 2000, 3000 metrə çatdırılmalıdır. Belə olan halda tramvay xətti hörümçək toru kimi bütün əraziləri əhatə edəcək.

Bu işlər tədricən həyata keçirilərsə, bir çox küçələrdə, həmçinin Füzulu, Səməd Vurğun küçələrində də tramvay xətti çəkmək imkanı yaranacaq”.

Bakıda tramvay xətlərini haradan çəkməyə başlamaq lazımdır?

Ərşad Hüseynov vurğulayıb ki, indiki dövrdə ən çətin məsələ Bakıda tramvay xətlərinin haradan başlamalı olduğunu müəyyənləşdirməkdir. Ekspertin fikrincə, bu xətləri şəhərin kənarından çəkməyə başlamaq lazımdır.

“Tramvay xətlərinin çəkilişi Qaraçuxur, Günəşli, Bakıxanov qəsəbələrindən başlamalıdır. Oradan qəsəbəiçi şəbəkə yaratmaq lazımdır.

Yaradılan şəbəkəni “Əhmədli” və ya “Neftçilər” metrosu yaxınlığına gətirmək lazımdır. Həmin şəbəkə gəlib metro stansiyaları ilə birləşsə, bu layihə uğurlu olacaq və xətt üzrə işləyən tramvaylar sərnişinlərlə dolub-daşacaq.

Bundan başqa, Biləcəridən Binəqədiyə, Balaxanıya və oradan da hansısa yaxın metro stansiyasına uzanan tramvay xətti effektli olacaq.

Lakin hansısa qəsəbənin bir ucundan digər ucuna işləyən tramvaylar boş işləyəcək. Əsas məqsəd odur ki, kənd camaatı yaxınlıqdakı metroya gələ bilsin.

Yusif Səfərov küçəsi yeni təmir olunub. Bir neçə ilə həmin küçə yenə dağılacaq”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi:

“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, - deyə sədr bildirib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi nəzərdə tutulur. Hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsinin həvalə olunacağı qurum da müzakirə obyektidir.

2