“Baku Steel Company” MMC-nin yeni rəhbəri kimdir?

İQTİSADİYYAT
16:30 / 11.03.2021
2375

“Baku Steel Company” MMC-də mülkiyyətçi və menecment dəyişikliyi sona çatıb.

Valyuta.az xəbər verir ki, artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin qanuni təmsilçisi kimi İbrahimov Kamal Mirsahib oğlunun adı qeyd edilib. 

Kamal İbrahimov həm də “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədridir. O, “Baku Steel Company” MMC-nin qanuni təmsilçisi olsa da, faktiki sahibi deyil.
MMC-yə uzun müddət iş adamı Rasim Məmmədov rəhbərlik edib. O, həm də “Baku Steel Company”yə daxil olan zavodların faktiki sahibi kimi tanınıb. Hər halda Rasim Məmmədov özünü belə təqdim edib.

İş adamı cari ilin yanvar ayında həbs olunub. Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunan Rasim Məmmədov barəsndə 4 ay həbs qətimkan tədbiri seçilib. 
İş adamı Azərbaycan Milli Elmlər Akademiyasınının (AMEA) prezidenti Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınıb. Amma maraqlıdır ki, Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəni və oğlunun şikayəti əsasında həbs edilib.

0