Bələdiyyələrlə bağlı unikal təklif: Vergilər hansı səbəbdən yığılmır?

İQTİSADİYYAT
11:55 / 15.03.2021
1567

İqtisadçı ekspert Qalib Toğrul vergitutma bazasının genişləndirilməsi, dövlət büdcəsi gəlirlərinin artırılması məqsədilə yerli özünüidarəetmə orqanlarının topladığı vergilərlə bağlı təkliflər irəli sürüb.

HİT.Az xəbər verir ki, ekspert bələdiyyələrin vergiləri toplaya bilməməsini əsas gətirərək, əmlak, torpaq və mədən vergisinin Dövlət Vergi Xidməti tərəfindən yığılmasını istəyib: 

1. Fiziki şəxs sahibkarların sahibkarlıq məqsədilə istifadə etdikləri binaların əmlak vergisi.

Hazırda vergi ödəyicisi olub-olmamasına rəğmən, bütün fiziki şəxslər əmlak vergisini yerli büdcəyə ödəyirlər. Bura həm yaşayış, həm də qeyri-yaşayış sahələri daxildir. Bu verginin ödəyiciləri əmlak sahibi olan vətəndaşlar (1) və fiziki şəxs sahibkarlardır (2). Hazırda ölkəmizdə fəaliyyət göstərən 1607 bədələdiyyənin çox kiçik bir hissəsi (bəzi şəhər və qəsəbə bələdiyyələri) fiziki şəxs sahibkarlardan əmlak vergisi toplaya bilirlər. Əgər fiziki şəxs sahibkarların əmlak vergisi (onlar hüquqi şəxslərdən fərqli olaraq ancaq istifadə etdikləri binalara görə vergi ödəməlidirlər) dövlət vergisi hesab olunsa, həm vergitutmada ədalətlilik (bərabərlik) prinsipinə əməl olunar, həm də büdcəyə əlavə vəsait daxil olar.

2. Sahibkarlıq məqsədilə istifadə olunan torpaqlara görə (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və sair) fiziki şəxslərin ödədiyi torpaq vergisi

Bu sahədəki vəziyyət də əmlak vergisi sahəsindəki durumdan ciddi fərqlənmir. Verginin toplanması ilə bağlı ciddi çətinliklər var. Yaxşı olar ki, paralel şəkildə bu kateqoriya istisna olmaqla, digər topaqlara görə (Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları və Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə) ödənilən verginin dərəcəsi də artırılsın.

3. Yerli büdcələrə ödənilən mədən vergisi (kərpic-kirəmit gilləri, tikinti qumları və çınqıl xammalına görə mədən vergisi)
Vaxtilə bir vətəndaş cəmiyyəti təmsilçisi kimi Azərbaycanın müxtəlif regionlarında mədən vergisi toplamalı olan, lakin bunu bacarmayan bələdiyyələrlə işləmişik. Hətta onlara bu sahədə köməklik göstərməyə cəhd də etmişik. Alınmayıb, çünki həmin obyektlərin hər biri hansısa məmura bağlıdır. Qeyd edim ki, bəzi bələdiyyələrin bundan öz xeyrinə, sui-istifadə etməsi hallarına da (alınan rüşvət hesabına mədən vergisinin bələdiyyə büdcəsinə ödəməkdən yayınma) şahid olmuşuq.   

4. Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş
Bu ödənişin toplanması sahəsində vəziyyət yuxarıda qeyd olunan vergilərin yığılması ilə eynidir. Bu ödənişi turizm vergisi (dünyada uyğun təcürbələr var) şəklində dövlət büdcəsinə cəlb etmək mümkündür.

Və nəhayət sonuncu təklif

Qeyd olunan yerli vergilərin və ödənişin dövlət vergilərinə aid edilməsi sayəsində dövlət büdcəsindən bələdiyyələrə ayrılan subvensiyanın məbləğini artırmaq olar. Dövlət büdcəsindən bələdiyyələrə 2019-cu ildə 1,0 mliyon manat, 2020-ci ildə 1,2 milyon manat,  2021-ci ildə isə 1,3 milyon manat sunbensiya ayrılıb. 2019-cu ildə 4 bələdiyyə, 2020-ci ildə isə 6 bələdiyyə (2021-ci ilin bölgüsü hələ aparılmayıb) subvensiya ala bilib. Dövlət büdcəsindən ayrılan subvensiya məbləğinin artması subvensiya ilə əhatə olunan bələdiyyələrin sayının dəfələrlə artmasına imkan verər, yerli özünüidarəetmə orqanları arasında rəqabəti və təşəbbüskarlığı təşviq edərdi”. 

0