Səhmlər, geniş xalq kütlələrinin kiçik yığımlarını böyük şirkətlər içində bir yerə toplayaraq sürətli bir böyümə üçün lazım olan sərmayəni təmin edir. Eyni zamanda səhmlər, xalqın, iqtisadi qərarların verilməsində az-çox iştirakını təmin edən maliyyə bazarı alətidir. Ölkə iqtisadiyyatının inkişafında həm dolayı, həm də birbaşa olaraq çox güclü təsirə malik səhm bazarının hazırda Azərbaycanda geniş inkişaf etdiyini deyə bilmərik. Səhmlər bir çox investorlar üçün hələ də gəlir maliyyə aləti olmağa davam edir. Xalqa açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər, investisiya portfelinizi genişləndirmək üçün ən yaxşı seçimdir. “Gəlirdən pay almağınızı təmin etməklə yanaşı, səsvermə hüququ və idarəetmədə iştirak etmək kimi xüsusiyyətləri də olan qiymətli kağızların alqı-satqısını həyata keçirərək yatırımlarınızı asanlıqla qiymətləndirə bilərsiniz”. Qulağa xoş gələn, cəlbedici reklamdır. Və hər bir sadə vətəndaş belə bir imkandan yararlanmağa “yox” deməzdi. Amma bizdə hansısa böyük müəssisənin səhmdarı olub illik qazanc sahibi olanlar varmı? Yox deyiləcək qədər az.
HİT.Az Valyuta.Az-a istinadla Azərbaycanda səhm bazarının bugünki vəziyyəti barədə iqtisadçı Eldəniz Əmirovla müsahibəni təqdim edir:
- Eldəniz bəy, istənilən sadə vətəndaş istənilən açıq səhmdar cəmiyyətin səhmlərindən yararlanıb,müəyyən qazanc əldə etmək imkanına malikdirmi?
- Öncə tam sadə formada səhmin mahiyyətinə toxunmaq istərdim. Səhm öz sahibinə səhmdar cəmiyyətlərin idarə edilməsində və gəlirlərində “şəriklik” hüququ verir. Başqa sözlə, səhmdar cəmiyyətin səhmini əldə etmək onun xalis mənfəətindən müvafiq həcmdə “pay” əldə etmək deməkdir. Səhmlər müxtəlif formada təsnifləşdirilsə də, sahibinə verdiyi hüquqa görə təsnifi daha əsasdır. Bu baxımdan səhmlər adi və imtiyazlı olur. Adi səhm sahibləri səhmdar cəmiyyətin mənfəətinə uyğun gəlir əldə edir. Yəni dividendlərin ödənilməsi barədə qərar qəbul olunduğu təqdirdə, sahib olduğu səhmin həcminə uyğun dividend əldə edir. Lakin imtiyazlı səhm sahiblərində isə vəziyət başqadır. Səhmdar cəmiyyətin illik fəaliyyət nəticəsindən asılı olmayaraq əvvəlcədən müəyyənləşdirilmiş, sabit faizlə dividend əldə edirlər. Digər fərq isə səsvermə hüququ ilə bağlıdır. Adi səhm sahibinin cəmiyyətin idarəçiliyində səsvermə hüququ olur, imtiyazlı səhm sahiblərinin isə belə bir hüququ olmur. Qiymətli kağızlar bazarında adətən açıq səhmdar cəmiyyətlərin adi səhmlərinin sərbəst alqı-satqısı mümkündür. Səhmin nominal dəyəri isə səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir və bu dəyər Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Azərbaycanda isə əsas fond birjası Bakı Fond Birjasıdır. Bakı Fond Birjası da qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir. Sadəcə bir məsələ var ki, xarici və yerli səhm bazarları arasında kəskin fərqlər hələ də qalmaqdadır. Bunun da öz obyektib və subyektiv səbəbləri vardır.
- Xarici səhm bazarlarında uğurla iş görən soydaşlarımız varmı? Başqa sözlə bu işi uğurla görə biləcəyimiz platformalar varmı?
- Əvvəllər sadə vətəndaş üçün xarici şirkətlərin qiyməli kağızlarına investisiya etmək mümkün deyildisə, hazırda hər kəs bu imkanlardan faydalana bilir. Respublikada bank və broker şirkətlərinin tədricən inkişaf etməsi və müştərilərin dəyişən tələblərinə cavab verməsi nəticəsində artıq hər kəs istədiyi xarici qiymətli kağızı asanlıqla əldə edə bilər. Eyni zamanda hazırkı texnologiya real zamanda bazarlarda baş verən dəyişiklikləri izləmək və saniyələr içində əməliyyatlar icra etməyə imkan verir. İnternet bağlantısı və ticarət terminalı vasitəsilə sərbəst şəkildə iqtisadi xəbərləri analiz edərək, bazarda ticarəti həyata keçirmək olur. Amma bunun üçün də yeni zamanın tələbinə uyğun müəyyən biliklərə sahib olmaq lazımdır. Amma insan ola bilər ki birjanın necə işlədiyini, səhmləri necə alacağını bilmir, elektron platformaların iş prinsindən yararlanmaq gücündə deyil, o zaman məsləhətçi subyektlərin xidmətindən yararlanmaq mümkündür.
- Bu sahəyə yenicə addım atan, məlumatı olmayan, lakin səhm əldə etmək istəyən vətəndaşlara nə məsləhət görərdiniz?
- Bilirsiz, bu sahə gəlir qazanmaq üçün unikal istiqamətdir. Çünki burda başqası işləyir, qazanır və siz onun qazancında pay sahibi olursuz. Sadəcə riskləri dəyərləndirmək üçün ciddi düşünmək lazımdır. Öz işini əla bilən insanların qurduğu yeni şirkətləri müəyyən etmək lazımdır. Başqa sözlə, otururmuş şirkətlərin bahalı səhmlərindən daha çox perspektivinə ehtimal olan və səhmlərinin qiyməti nisbətən ucuz olan şirkətlərin səhmlərinə üstünlük verməyi daha dogru hesab edirəm. Tutaq ki, “Mersedes” şirkətinin səhmlərinin qalxma ehtimalı çox azdır. Bu şirkət özünün şah dövrünü yaşayıb. Nəinki bütün səhm bazarında, hətta avtomobil səhm bazarında belə, rəqibləri onu arxada qoymaqdadır. Halbuki bu şirkət yeni yaranan zaman səhm sahibi olan şəxslər sonradan Almaniyanın zənginləri oldu. İndi oxşar tendensiya Çin şirkətlərində, innovativ, yeni texnologiyaların tətbiqinə əsaslanan digər ölkələrin şirkətlərində müşahidə edilməkdədir.
- 90-cı illərin sonunda insanlara özəlləşdirmə çekləri paylandı. İlk günlər hər kəs böyük maraqla vauçerlər almaq üçün cəhd etdi, lakin sonra ona olan maraq söndü. Vauçer səhm kimi pay sahibi etmək imkanı verirmi?
- Bu çeklər 1996-cı ildə buraxıldı. O dövr üçün olan əhali sayına uygun bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verildi. Bu ümumilikdə 31,9 milyon özəlləşdirmə çeki demək idi. Bunların istifadə müddəti bir neçə dəfə artırıldıqdan sonra nəhayət 2011-ci il yanvar ayının 1-də başa çatdı. Lakin bu çeklərin hələ də 6,38 milyonu istifadə olunmayıb. Bu qalan çeklərin yenidən istifadə edilməsi məsələsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, düzü bunun real olacağını düşünmürəm. Çünki əvvəl bunun üçün yenidən fərman imzalanmalıdır. İkinci bir tərəfdən isə bu çeklərin saxtalarının yaradılma ehtimalı var. Ortada bu işi görmək üçün böyük fasilə olub. Üçünci bir tərəfdən isə istifadə edilən 80% çeklər belə praktik olaraq insanlara gəlir gətirmədi. Belə ki, hərraca gəlir gətirməyən obyektlər daha çox çıxarılır və həmin çeklər yalnız orda istifadə edilirdi. Bəziləri hətta düşünürdü ki, böyük şirkətlərdə pay əldə etməklə varlanacaqlar. Sonradan məlum oldu ki, özəlləşdirilən müəssisələrin çoxu “ölü”dür. Odur ki, biz istifadə edilmiş 80 faiz çekdən gözlənilən nəticələri əldə edə bilmədiksə, 20 faizdən nəsə gözləməyə dəyməz. Odur ki, əllərdə qalan çeklərin nə zamansa istifadə ediləcəyini düşünmürəm.