2021-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.
HİT.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq isə qeyri-ərzaq malları satılıb.
2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2 faiz artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Yanvar-fevral ayları ərzində 2 milyard 824,1 milyon manat dəyərində ərzaq məhsulları, 380,9 milyon manat dəyərində içki və tütün məmulatları, 997,5 milyon manat toxuculuq məhsulları, geyim və ayaqqabılar, 316,3 milyon manat dəyərindən elektrik malları və mebellər, 43,2 milyon manat dəyərində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 138,4 milyon manat dəyərində əczaçılıq məhsulları və tibb ləvazimatları, 322,6 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı, 1 milyard 4,9 milyon manatlıq digər qeyri-ərzaq malları istehlak edilib.
Hesabat dövründə alıcıların istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6 faizi ticarət müəssisələri, 49,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artıb, bazar və yarmarkalarda isə 15,8 faiz azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302,1 manatlıq, o cümlədən 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.