17 martda təqdim edilən “yaşıl pasport” (Green Pass) təklifi, yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlə aşılanmş insanlara şamil ediləcək.
Bunu adi xəbər kimi görməyənlər yəqin anladılar ki, söhbət vaksinlərin siyasi təzyiq aləti kimi istifadəyə başlanmasından gedir. Bir neçə həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyev də çıxışlarından biri zamanı bildirmişdi ki, bəzi ölkələr peyvənd ehtiyatı yığıb və bununla da digər ölkələrin ehtiyac duyduğu aşıları almasına mane olurlar. “Humanitar dəyərlərin həyata keçirilməsinə çağıran bir sıra aparıcı dövlətlər yenidən ikili standartlara əl atırlar”.
HİT.Az Valyuta.Az-a istinadla xəbər verir ki, bu gün öz keyfiyyəti , ucuzluğu və əlçatanlığı ilə seçilən Çin və Rusiya peyvəndləri özlərini müsbət göstəricilərlə sübut etsə də EMA tərəfindən qəbul olunmur. EMA dörd peyvəndi təsdiqləyib – “Pfizer-BioNtech”, “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson”. Halbuki, bu günə qədər 10-dan çox ölkə, onlarla aşılanmış adamda tromboz müşahidə edildiyi üçün, “AstraZeneca” ilə peyvəndləməni dayandırıb. Lakin Avropa Birliyi ölkələrinə “AstraZeneca” peyvəndi ilə uçuş problem yaratmadığı halda Çin və Rusiya peyvəndlərinin pasportları etibarsız hesab olunur.
COVID pasportları hələ müzakirə mərhələsindədir və bu sahədə konkretlik yoxdur. Hər dövlət öz havasını çalır və ətrafdakıları da bu havaya oynamağa məcbur etmək istəyir. Turizmin dünya iqtisadiyyatında rolunu nəzərə alaraq, bu kimi peyvənd ayrıseçkiliyinin turist axınının süni şəkildə yönləndirilməsində rol oynayacağını düşünmək çətin deyil.
Peyvənd insanların pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər olmadan bir ölkədən digərinə səfər etmək imkanlarını geri qaytarmaq əvəzinə yeni məhdudiyyətlər də yaradır. Bəzi ölkələrdə aşılanmış və bunu təsdiqləyən sənədi olan hər kəsin girişinə icazə verilirsə, digər ölkələrə yalnız müəyyən peyvənd növü ilə peyvənd olunmuş şəxslərin sərbəst daxil olması mümkün olacaq. Turisti çox almaq istəyən ölkə məcbur olacaq vaksini tələb olunan ölkədən alsın. Söhbət yalnız turizmlə də kifayətlənmir. İş axtarmaq üçün başqa ölkələrə üz tutanlar, iş quranlar, müharibələrlə bağlı köç edənlər, idxal-ixrac prosesləri- bütün bunların hamısı bu böyük siyasi gedişin bir parçası olacaq.
Görünən budur ki, 2021-ci lin birinci yarısında “vaksin”, ən yaxşı vaksin və peyvəndləmənin nəticələri barədə xəbərlər üstünlük təşkil edəcək. Hazırda vaksin sahəsində dünya bazarlarında ABŞ, Çin, Rusiya, Almaniya, İsveç arasında gərgin və gizli rəqabət gedir. Vaksin özlüyündə böyük iqtisadi məhsuldur. İndi vaksini olan dövlətlərin güc yarışı başlayacaq, bir-birlərinin tərəfdaşlarını əlindən qoparmaq mübarizəsi gedəcək. Hansı vaksinin hansı dərəcədə effektiv olması yox, onların hansı güc mərkəzlərini yaradacağı əsas məsələ olacaq. Məlum məsələdir ki, hansısa vaksinin səmərəli və ya səmərəsiz olması barədə söhbətlər medianın onu necə təqdim etməsindən asılıdır. Yəni istədiklərini əla, istədiklərini təhlükəli məhsul kimi insanların şüuruna yeridəcəklər.
Böyük ehtimalla peyvədlənmənin məcburi xarakter alması fonunda əvvəl virusa münasibət, onun təqdimatı dəyişəcək. Yeni ilin ilk günündə ÜST rəhbərinin yeni xəstəliklərin yayılma ehtimalı barədə bəyanatı da bəşəriyyətə xəbərdarlıq idi. Bəşəriyyət yeni mərhələyə, bioloji silahlarla təhdid mərhələsinə qədəm qoyur. İxrac-idxal məhsullarının sırasında vaksinlər birincilik təşkil edəcəksə, güclü elmi sıçrayışlar, texnoloji inqilablar etməyə ehtiyacımız var deməkdir.
Niyə bu vaksinləri bizim ölkə kəşf edib, dünyaya yaymamalıdır?