“Azərbaycanda dolların bahalaşması üçün şərait yoxdur. Manat-dollar cütlüyünün bu il ərzində stabil qalacağı gözlənilir”.
Bunu Pravda.az açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Ekspert bildirib ki, Türkiyədə dolların məzənnəsinin 16%-dən çox bahalaşması ölkənin makroiqtisadi göstəriciləri ilə birbaşa əlaqəli deyil:
“Türkiyədə Mərkəzi Bankla mövcud siyasi hakimiyyət arasında pul-kredit siyasəti, xüsusilə də uçot dərəcəsi ilə bağlı fikir ayrılığı var. Yəni bu fikir ayrılığı çərçivəsində son dönəmlər siyasi iqtidarın Mərkəzi Bank üzərində, belə demək mümkünsə, basqı formalaşdırmaq istəyi xüsusilə xarici investorlarda tədirginlik yaradır. Sanki bu şəkildə Mərkəzi Bankın müstəqilliyinə, qərarlarının sərbəst alınmasına kölgə salınır. Məsələyə Mərkəzi Bankla siyasi hakimiyyət arasındaki pul-kredit siyasətinin uyğunsuzluğu aspektindən yanaşdıqda, əslində Türkiyədəki son hadisə sadəcə bundan ibarətdir”.
Türkiyədə dolların bahalaşmasının Azərbaycana təsiri barədə danışan Cəfər İbrahimli qeyd edib ki, təbii ki, türk lirəsi bütün valyutalar qarşısında dəyərini itirdiyi kimi, Azərbaycan manatı qarşısında da dəyərini itirəcək:
“Bu, orta və uzunmüddətli perspektivdə Türkiyənin Azərbaycana ixracatını stimullaşdıran vəziyyətdir. Onsuz da Türkiyə bizim ən böyük partnyorumuzdur və oradan kifayət qədər məhsul idxal edirik. Konkret olaraq məsələyə manat-dollar müqayisəsində baxdıqda, hazırki makroiqtisadi gösətiricilərə əsasən, Azərbaycanda belə bir vəziyyətin yaranmasına şərait yoxdur. Manat-dollar cütlüyünün bu il ərzində stabil davam edəcəyi gözlənilir. Həmçinin Mərkəzi Bankın da manat-dollar məzənnəsində hansısa bir dəyişikliyin müşahidə ediləcəyinə dair açıqlaması yoxdur”.
Qeyd: Türkiyədə dolların məzənnəsi bahalaşaraq 7,2 lirədən 8,04 lirəyə yüksəlib.