Dövlət şirkətlərinin İnvestisiya Holdinqə verilməsi nə vəd edir? - Ekspert

İQTİSADİYYAT
22:44 / 30.03.2021
1111

"Gələcəkdə imkan yarandıqca İnvestisiya Holdinqinə daxil olan şirkətlərin bəzilərinin və yaxud da dövlət şirkətlərinə aid olan strukturların bir hissəsinin özəlləşdirilməsi də mümkündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, bu gələcəkdə həmin sahələrdə aparılacaq təmizləmə əməliyyatından, onların rentabelli çalışmasından sonra cəzbediciliyinin artırılması, yerli və əsasən də xarici investorlar üçün cəlbedici hala gətirilməsindən asılı olacaq:

"Əgər İnvestisiya Holdinqi bu işin öhdəsindən gələcəksə, o zaman işin doğru-düzgün təşkil olunması haqqında fikir yürütmək olar. Hələlik struktur addımlar atılır”.

Natiq Cəfərli qeyd edib ki, İnvestisiya Holdinqinin əsas qayəsi və məramı dövlət şirkətlərinin idarəolunmasının təkmilləşdirilməsi, onların izafi xərclərinə son qoyulması, büdcəyə yük olmasından çıxarılması, dotasiyalardan ayrılması və izafi və izah olunmaz xərclərin azaldılmasıdır:

"İnvestisiya Holdinqinin əsas məqsədi dövlət şirkətlərinin rentabelli çalışmasının təmin edilməsidir. Çünki dövlət şirkətlərinin böyük əksəriyyəti öz sahəsində inhisarçı olmasına baxmayaraq, nəinki pul qazanmır, hətta ziyanla işləyir, dotasiya almaq üçün hər dəfə dövlət büdcəsinə müraciət edir. İndi yeni qərarla, məsələn, AZAL-da Müşahidə Şurası yaradıldı, idarəetmənin forması dəyişdirilir. Amma burada önəmli bir məslə var ki, Müşahidə Şurası ilə AZAL-ın rəhbərliyi arasındakı münasibətlərin necə tənzimlənəcəyi hələ məlum deyil. Yəni, qərarların verilmə mexanizmi necə olacaq, səlahiyyət və məsuliyyət bölgüsü hansı formada həyata keçiriləcək? Təəssüf ki, bununla bağlı hələlik ip uclarını görmürük. Əslində bu addımın əsas məqsədi həmin dövlət şirkətlərinin rentabelli çalışması üçündür”.

1