Azərbaycanın bu il neft satışından gəlirləri artacaq - 1,2-1,5 milyard dollar...

İQTİSADİYYAT
12:55 / 03.04.2021
1021

Neftin bahalaşması Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır.
 
Sfera.az Fondun məlumatlarına istinadən bildirir ki, "Azəri-Çıraq-Günəşli” üzrə gəlirlər bu ilin yanvarında 245 milyon dollar olduğu halda, gəlirlər fevralda 329,5 milyon dollara, martda 379 milyon dollara yüksəlib.
 
Rüblük 953,5 milyon dollar gəlir əldə edən Fondun orta aylıq mədaxili 317,8 milyon dollar olub ki, bu da ötən ilin orta aylıq mədaxilindən (293,5 milyon dollar) çoxdur.
 
"Azəri-Çıraq-Günəşli” gəlirlərin artmasında neftin bahalaşması önəmli paya sahibdir.
 
Mart ayında əldə edilən gəlirlər yanvardakı müqavilələr üzrə olan satışlardan daxil olub. Yanvarda orta qiymət təxminən 55 dollar təşkil edib.
 
Mövcud qiymətlərlə gəlirləri ölkəmiz mayda əldə edəcək. Hazırkı qiymətin yanvardakından 10 dollar çox olduğunu nəzərə alsaq, qarşıdakı aylarda yalnız qiymət artımının hesabına Fondun gəlirlərində ciddi yüksəliş gözlənilir.
 
Qiymətlərlə bərabər qarşıdakı 3 ayda Azərbaycan neft hasilatını və ixracını da artıracaq. "OPEC+” çərçivəsindəki razılaşma bunu deməyə əsas verir. İxrac miqdarının artması da nəzərə alındığında, Azərbaycanın bu il neft satışından gəlirləri ən azı 1,2-1,5 milyard dollar artacaq. Ötən il "Azəri-Çıraq-Günəşli”dən gəliri 3,5 milyard dollar olan Azərbaycanın gəlirləri 5 milyard dollar, hətta bir qədər də yüksək ola bilər.

0