Aksiz vergi dərəcələrinə dəyişikliklər edildi

İQTİSADİYYAT
21:14 / 05.04.2021
987

Nazirlər Kabinetinin 87 və 88 №-li Qərarlarına dair İzahat verilib.

Kabinetdən Hit.az-a bildirilib ki, 2021-ci il 23 fevral tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmış və Məcəllənin 164-cü, 188-ci və 190-cı maddələrində dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən (164-cü maddə) ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə etmişdir.

Vergi Məcəlləsininnin 164-cü maddəsinə 164.1.54-cü maddəsi əlavə edilmiş və qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Vergi Məcəlləsininnin 188-ci maddəsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş,çərçivəyə salınmış və bərkidilmiş almaz 01.01.2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilmişdir.

Vergi Məcəlləsininnin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilmiş, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılmışdır.

Bu dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilməsinə zərurət yaranmışdır.

Müvafiq uyğunlaşdırmanın aparılması məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər öz əksini tapmışdır.

Məlum olduğu kimi, iqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Bu baxımdan qeyri-infeksion xəstəliklərin əsas risk faktorları olmaqla yanaşı, əhalinin orta ömrünü qısaldan və həyat keyfiyyətini aşağı salan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcələrinin artırılması məqsədəuyğun hesab edilmişdir.

0