“Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklər ilə qüvvəyə minir.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq:
“Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividentin faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Bu o deməkdir ki, əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır. Bank müflis olan zaman isə həmin depozit tam olaraq ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır.
Bu baxımdan, əgər vətəndaşın pulu 100 min manatdan çoxdursa, o zaman depoziti bölərək ailə üzvlərinin adına yerləşdirməsi və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən, yüksək divident faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Belə ki, əgər məbləğ 100 min manatdan az olsa belə, divident faizi 12 faizdən çoxdursa, məsələn 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur. Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan divident faizini də nəzərə alması çox vacibdir.
Qeyd edək ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir”.