Yeni stansiya tikiləcək: Günəşdən enerji alınacaq

İQTİSADİYYAT
17:38 / 06.04.2021
1375

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıb.

Energetika Nazirliyindən verilən məlumata əsasən, layihə üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

Müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Mohamed Cəmil Al Ramahi imzalayıb.

Bildirilib ki, 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt/s elektrik enerjisinin istehsalına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaq.

BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaber əlavə edib ki, bu gün Azərbaycanda bərpa olunan enerji sahəsində ilk layihələrinə başlamaqdan qürur duyurlar. 230 MVt gücündə sənaye miqyaslı günəş enerjisi layihəsi ilə tərəfdaşlığımız yalnız təmiz enerji hədəfinə nail olmayacaq, həmçinin bilik, bacarıq və iş yerləri yaratmağa kömək edəcək.

Xatırladaq ki, bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.

0