Dəniz suyu Kürdə duzluluğu artırır - AÇIQLAMA

İQTİSADİYYAT
14:44 / 12.04.2021
1177

“Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı müxtəlif fikirlər irəli sürülür, onlardan biri də qrunt sularının qalxmasıdır. Lakin son 10 gündə Neftçala rayonunda cəmi bir gün 3 mm yağıntının düşməsi qeydə alınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, dəniz səviyyəsi isə keçən ilin aprel ayı ilə müqayisədə 18 sm aşağıdır və bunu nəzərə alaraq son günlərdə qrunt sularının təsiri nəticəsində duzluluğun artması ehtimalı yüksək deyil.

“Lakin digər meteoroloji amillərin təhlili göstərir ki, aprelin birinci ongünlüyü küləkli hava şəraiti ilə səciyyələnib. Belə ki, ongünlüyün 7 günü küləyin sürəti 13 m/s-dən çox, 2, 5, 6, 7, 9 və 10 apreldə 16-18 m/s, arabir 22-28 m/s çatıb. Eyni zamanda Neftçalada külək davamlı olaraq əsasən şərq, şimal-şərqdən əsib”. 

Xidmət rəsmisinin sözlərinə görə, Kürün sululuğunun ümumiyyətlə normadan az olması onun axarının sürətinin azalmasına, bu da öz növbəsində küləyin gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur:

“İqlim dəyişmələri fonunda biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli  istifadə olunmasına bir işarə olmalıdır. Məlumat üçün bildirim ki, Kür- Surra məntəqəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə səviyyə 10 sm, Kür-Bankə məntəqəsində (Neftçala) 37 sm aşağıdır.

Lakin temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi və  gözlənilən yağıntılı hava şəraiti ilə bağlı yaxın günlərdə Kür çayına tökülən çaylarda sululuğun artımı gözlənilir. Nəticədə Kür çayında və Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır”.

0