“Qırmızı kitab”a düşən balıqları ovlamağın cəriməsi artırıldı

İQTİSADİYYAT
20:13 / 04.05.2021
1336

“Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimənin məbləği artırılıb.

HİT.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, “Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinin qanunsuz ovlanmasına görə, cərimənin məbləği 275 manata yüksəldilib. Əvvəl bu məbləğ 250 manat idi.

Bundan başqa, “Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə daxil olan canlıların sayı da artırılıb. Kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı balıq növlərini ovlayanlar 275 manat məbləğində cərimə ediləcək. Əvvəllər yalnız “Qırmızı kitaba” daxil edilmiş kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı balıq növlərini ovlayanlar cərimə edilirdi.

Həmçinin, ölçüsündən və çəkisindən asılı olmayaraq, bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən ediləcək:

- bölgə - 247,5 manat

- nərə, uzunburun, ağ qızılbalıq - 220 manat

- xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın - 33 manat

- çəki, karp, qarabel siyənəyi - 22 manat

- naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri - 11 manat

- kilkə (1 kq) - 0,55 manat

- kürü (1 kq) bölgə, kələmo, nərə, uzunburun - 220 manat

- su onurğasızları xərçəng - 1,1 manat

- krevet - 0,55 manat

Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr isə üç qatına tutulacaq.

1