Bakı əhalisinin 3 aylıq XƏRCLƏRİ

İQTİSADİYYAT
13:07 / 05.05.2021
1405

2021-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalaraq 1130,2 milyon manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən HİT.Az-a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4 faizini təşkil edib.

Bununla yanaşı, 2021-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,5 faiz azalaraq 84,6 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 40,4 faiz azalaraq 63,0 milyon manat təşkil edib.

2021-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5366,7 milyon manatda qərarlaşıb:

“Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq 2617,0 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb”.

Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,1 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 21,6 faizini isə sair tikinti işləri təşkil edib:

“Ümumi inşaat işlərinin 89,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər”.

2021-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 8,8 milyard manat təşkil edib:

“Sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 18,6 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2021-ci il vəziyyətinə 340,6 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub”.

0