Avtomobil bazarında bahalaşma müşahidə olunur. Mütəxəssislərin bildirdiyinə görə avtomobillərin qiymətində 5-10 faizədək bahalaşma var. Mart və aprel aylarından başlayan qiymət artımına səbəb kimi idxalın məhdudlaşdırılması və ya ölkəyə gətirilən nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarının düzgün aparılmaması göstərilir.
HİT.az xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bizim.Media-ya açıqlamasında qiymət dəyişimlərini idxalın azalması ilə əlaqələndirib. O, qeyd edib ki, idxalın azalmasının da müxtəlif səbəbləri var:
"Bütövlükdə dövriyyədə olan nəqliyyat vasitələrinin bazara daxil olmasında qiymət artımı müşahidə olunur. Bu da təbii ki, tələblə bağlı olan məsələdir. Əslində Gömrük Komitəsinin ölkəyə idxal edilən avtomobillərə tətbiq etdiyi rüsumlarla bağlı da neqativ fikirlər var. Müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, gömrük rüsumlarında süni və subyektiv artımlar olur”.
Ekspertin fikrincə, Azərbaycanda avtomobil idxalını stimullaşdırmaq, xüsusilə avtomobil parkının yenilənməsini təmin etmək üçün gömrük siyasətinə, eləcə də idxal qərarlarına yenidən baxılmalıdır:
"Elektromobillərin, xüsusilə hibrit avtomobillərin ölkəyə idxalının stimullaşdırılması ilə bağlı ciddi addımlar atılmalıdır. Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Avtomobil istehsalı bazar tələbin çox nisbi, heç bir faizini ödəyə bilmir. Belə olan halda Gömrük Komitəsinin idxalla bağlı rüsumlarının bu dərəcədə qaldırılmasına ehtiyac görmürəm”.
Məlumat üçün bildirək ki, uzun illərdir ki, təkrar bazarda "Mercedes", "Mercedes-Benz" avtomobilləri liderlik edir. Tədricən ilkin bazarda digər marka nəqliyyat vasitələri üstünlük təşkil etməyə başlayıb.
Müştərilər ən çox qiyməti 10-18 min manat arası olan ekonom avtomobillərə üstünlük verirlər.