Azərbaycanda benzin niyə bahalaşdı? - SOCAR-dan açıqlama

İQTİSADİYYAT
10:15 / 02.06.2021
1448

“Aİ-95” premium markalı benzinlə “Aİ-98” super markalı benzinin qiyməti eyni nisbətdə 15 qəpik artırılıb. Hazırda “Aİ-95” premium markalı benzin 1 manat 40 qəpiyə, “Aİ-98” super markalı benzin 1 manat 55 qəpiyə satılır. 

Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

O bildirib ki, premium və super markalı benzin növləri Azərbaycana idxal olunur və buna görə də onların qiyməti dünya bazarlarındakı qiymətdən asılıdır:

“Dünyada neftin qiyməti və neft məhsullarına olan qiyməti artdıqca Azərbaycanda da məhz bu benzin növlərinin qiyməti artır, azaldıqca da azalır. Pandemiyadan əvvəl premium markalı  benzinin qiyməti 1 manat 50 qəpik idi, pandemiya dövrün də 1 manat 10 qəpiyə düşdü. Bir müddət sonra 1 manat 25 qəpiyə qalxdı. İndi onun qiyməti 1 manat 40 qəpikdir. Bunun qalxması dünyada neftin qiymətinin qalxması və neft qiymətlərinin artması ilə bağlıdır.

Bu məhsulları, benzin növlərini satan zavod və şirkətlər onların qiymətini artırıblar. Azərbaycanda da onların qiyməti müvafiq olaraq artır. “Aİ-92” və və dizel yanacaq növləri Azərbaycanda ən çox istifadə olunan yanacaq növləridir. Bu yanacaq növlərinin qiyməti Azərbaycanda istehsal olunduğuna görə dövlət tərəfindən tənzimlənir. Əslində gələcəkdə 2022-ci ildən sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiyanın hazırki mərhələsi başa çatdıqdan sonra həm də “Aİ-95” markalı benzinin istehsalı Azərbaycanda mümkün olacaq. Bu yanacaq növünün artıq idxalından asılı olmayacağıq. Onun  qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi şəkildə tənzimlənə bilər”.

2