Azərbaycan-Rusiya sərhədində uzun müddətdir kənd təsərrüfatı məhsullarını keçirən tırlara gündəlik limit tətbiq olunduğuna görə ixrac prosesində problem yaşanır. Nəticədə məhsullar ya tırlarda, ya sahələrdə, ya da anbarlarda xarab olur. Sahibkarlar məhsulu mərkəzə-Bakıya gətirib satmağın da onlar üçün əlverişsiz olduğunu deyirlər. Çünki tələblə təklif üst-üstə düşmür. Problemdən çıxış yolu isə hələ ki tapılmayıb.
Məsələni Yenisabah.az-a şərh edən iqtisadçı-ekspert Vahid Məhərrəmov bildirib ki, ortada süni şəkildə yaradılmış problemlər var və onlar dərhal aradan qaldırılmalıdır:
“İlk növbədə sərhəddə maşınların saxlanılmasının qarşısı alınmalıdır. Çünki maşınlar 10 gündən çox müddətə gedib mənzil başına çatır və məhsul xarab olur.
İkincisi, orada hər sahibkardan 3 min dollar əlavə vəsait alırlar. Guya məsuliyyəti öz üzərinə götürən bir şirkət var, bu, onlar tərəfindən edilir. Həmin problem də dərhal aradan qaldırılmalıdır. Belə olan halda sahibkarlarımız ziyana məruz qalmayacaq. Həm məhsulları xarab olmadan gedib yerinə çatacaq, həm də 3 min dollar özlərinə qalacaq, bununla itkilərini kompensasiya edə biləcəklər.
Azərbaycan hökuməti təcili Rusiya ilə danışığa getməlidir. Təsərrüfat sahiblərinə imkan yaradılmalıdır ki, onlar məhsullarını Rusiyaya ixrac edə bilsinlər. Mən baxmışam, əksəriyyətinin məhsulunda insan orqanizmi üçün hər hansı bir xəstəlik törədicisi yoxdur, yəni təmiz məhsuldur”.
Daxili bazardan söhbət açdıqda isə ekspert imkanlar məhdud olduğunu qeyd edib:
“Artıq pomidorun qiyməti 30 qəpiyə düşüb, bundan aşağı qiymət bizim sahibkarlara sərf etmir. Bir manata başa gələn kartofu 30 qəpiyə satmaq o deməkdir ki, məhsul ziyana başa gəlir. Düzü, onlar məhsulu heç 30 qəpiyə də sata bilmir, 15 qəpiyə təhvil verirlər, satıcı onu 30 qəpiyə satır. Ona görə də məhsulun Şəmkirdən Bakıya gətirilməsi və 15 qəpiyə satılması sahibkara böyük ziyan vurur. Vəziyyətdən çıxmaq üçün təcili şəkildə dediyim tədbirlər həyata keçirilməlidir”.
Həmsöhbətimiz hesab edir ki, dövlət məsələni öz üzərinə götürüb həmin sahibkarlara kompensasiya verə bilər:
“Burada heç bir problem yoxdur. Çünki hökumətin apardığı siyasət nəticəsində bizim sahibkarlar pomidor istehsalı ilə məşğul olublar. Yəni hökumət onları ixrac etmək üçün təşviq edib və onlar da hökumətə inanıb məhsul istehsal ediblər. İndi isə problem yaranıb, nəticədə hökumət onların ziyanını kompensasiya edə bilər. Büdcədə kifayət qədər vəsait var”.