Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq iqtisadi forumda çıxış edib.
HİT.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, forumun energetika panelində iştirak edən SOCAR prezidenti Azərbaycanın neft-qaz sənayesinin enerji keçidi dövründə perspektivləri haqqında danışıb. O, qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi probleminə ciddi yanaşır: bu dəyişikliyin nəticələri göz qabağındadır. Məhz buna görə 2016-cı ilin aprelində Azərbaycan Paris sazişini imzalayıb, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının atmosferə atılmasının 35% azaldılması ilə bağlı öhdəlik götürüb. Bu günə kimi 30% azalmaya nail olunub.
R.Abdullayev vurğulayıb ki, Azərbaycan dünya enerji bazarı ilə strateji tərfdaşdır: “Hazırda Avropa İttifaqının idxal etdiyi neftin 4%-i ölkəmizin payına düşür. Biz ildə 40 milyard kubmetr qaz hasil etməklə yanaşı həm Azərbaycanda, həm də xaricdə qazlaşdırma üzrə böyük miqyaslı layihələr həyata keçiririk. SOCAR 2005-ci ildən Azərbaycanda qazlaşdırmanın səviyyəsi 55%-dən 96%-ə, Gürcüstanda 40%-dən 82%-ə çatdırıb. Bununla da, milyon tonlarla mazutun yandırılmasının qarşısı alınıb.
Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Cənub-Şərqi Avropaya, o cümlədən hələ də enerji daşıyıcısı kimi kömürdən istifadə edən ölkələrə qazın ixracına başlanılıb. Təmiz iqtisadiyyata keçid dövründə təbii qazdan istifadə hələ labüd görünür. Əlbəttə, biz yaxşı başa düşürük ki, zaman keçdikcə ənənəvi enerji mənbələrin tələbat azalacaq. Lakin bu bir anda baş verməyəcək”.
SOCAR-ın prezidenti keçid dövründə bütün dəyər zənciri boyunca enerji effektivliyini yüksəltməklə istixana qazların emissiyasını azaltmağın əhəmiyyətini vurğulayıb. O, nümunə üçün şirkətin 2022-ci ilə qədər səmt qazının atmosferə atılmasının tam dayandırılmasına nail olmaq üçün həyata keçirdiyi və BMT-nin xüsusi mükafatına layiq görülmüş tədbirləri, həmçinin karbon qazının tutulması və boşalmış neft-qaz laylarına vurulması, eləcə də perspektivdə yaşıl hidrogen istehsalı və Cənub Qaz Dəhlizi ilə nəql layihələrini göstərib.
R.Abdullayev vurğulayıb ki, SOCAR ardıcıl olaraq öz biznesini şaxələndirməklə az karbohidrogenli istiqamətlərə doğru hərəkət edir və gələcəkdə bu vektoru davam etdirmək əzmindədir. Bu isə şirkətə transformasiya olunmağa və yeni şərtlər altında rəqabətə davamlılığını qoruyub saxlamağa imkan verəcək.
Sankt-Peterburq beynəlxalq iqtisadi forumu 1997-ci ildən təşkil olunur, son onilliklərdə dünyanın aparıcı biznes nümayəndələrinin iştirak etdiyi nüfuzlu müzakirə platformasına çevrilib. Bu il forum 2-5 iyun tarixlərində keçirilib. Forumun əsas mövzuları dünya və Rusiya iqtisadiyyatı, sosial məsələlər və texnologiyaların təşkil edilməsi ilə bağlıdır.