2021-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.
HİT.Az-ın Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, cari əməliyyatlar balansında 627,7 mln. dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 15 mln. dollar profisit yaranıb. Ehtiyat aktivləri isə 325,9 mln. dollar artıb.
Beləliklə, 2021-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının ümumi saldosunda 325,9 mln. dollarlıq profisit (ÜDM-in 2,9%-i) yaranıb.
Hesabatda bildirilir ki, bu ilin I rübündə kapital axını 1 249,4 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % çoxdur.
2021-ci ilin I rübündə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 627,7 mln. ABŞ dolları və ya ÜDM-in 5,6%-ni təşkil edib.
Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 19,9% azalaraq 1,9 mlrd. dollar, qeyri-neft sektoru üzrə isə həmin göstəricinin kəsiri isə 26,1% azalaraq 1.3 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-in 0,5%-ni təşkil edib. (2019-cu ildə 4.4 mlrd. dollar profisit olmuşdu).