“Kristal Abşeron” şirkəti Vətən müharibəsi şəhidi Teymur Əzizovun ailəsinin mənzil borcuna güzəşt edilməməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, şəhid Teymur Əzizovun anası Əzizova Lyubov Vyaçeslavovnanın “Kristal Abşeron” MTK-dan alınmış daşınmaz əmlaklar üzrə borclarının ödənilməsində yaranmış problemlərlə bağlı yayımlanan məlumatlalar həqiqətə uyğun deyil:
“Belə ki, T. Əzizov “Kristal Abşeron”dan ümumilikdə 4 mənzil, 2 qeyri-yaşayış (ticarət) sahəsi və 2 avtodayanacaq alıb. Lakin artıq 2 ilə yaxındır ki, ödənişlərində gecikmələr yaranıb. Hazırda 4 mənzil üzrə qalıq borc ümumilikdə 100 min 37 manat təşkil edir. T. Əzizov İkinci Qarabağ müharibəsində şəhid olduqdan sonra “Kristal Abşeron” MTK-nın təsisçiləri onun varisi – həyat yoldaşı Səmədova Zeynəb Vəli qızına dəfələrlə 2 mənzil üzrə olan 50 min 18 manat məbləğində borcun təsisçilər tərəfindən ödənilməsini təklif ediblər. Lakin o, bununla razılaşmayıb”.
Şirkətdən həmçinin bildirilib ki, “Kristal Abşeron” MTK 44 günlük Vətən müharibəsi ərzində və ondan sonrakı dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat, “YAŞAT” Fonduna 100 min manat ödəyib, həmçinin silahlı qüvvələrimizə zəruri yük avtomobilləri və müxtəlif növ tikinti texnikası ilə dəstək olub.
Bununla yanaşı, “Kristal Abşeron” MTK-dan mənzil almış 4 şəhid - hərbçimizin ümumilikdə 200 min 487 manat məbləğində borcu şirkətin təsisçiləri tərəfindən tam ödənilərək şəhidlərin ailələrinə borcun olmaması barədə arayışlar təqdim edilib.