Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib.
“Report”un məlumatına görə, işgüzar, konstruktiv şəraitdə keçən görüşdə Azərbaycan və Türkmənistanın nəhəng iqtisadi, enerji, nəqliyyat və logistika potensialına malik olduğu, həmçinin bunun strateji əhəmiyyətli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açdığı vurğulanıb.
Bununla əlaqədar olaraq, neft-qaz sənayesində tərəfdaşlıq perspektivləri və ortaq layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı məsələlər hərtərəfli müzakirə olunub, cari ilin yanvar ayında Türkmənistan hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında bu sahəyə dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə xüsusi vurğu edilib.
Görüşün sonunda tərəflər Türkmənistan və Azərbaycan xalqı arasında əsrlər boyu davam edən dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, eləcə də bərabər, qarşılıqlı faydalı əsasda qurulmuş ikitərəfli əməkdaşlığın uğurla davam etdirilməsinə qarşılıqlı inamlarını ifadə edərək xoş arzularını bölüşüblər.