Fazil Məmmədovun bir milyon vergi borcu var - Məhkəməyə verildi

İQTİSADİYYAT
15:45 / 29.06.2021
2868

2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayan və Azərbaycanın ən “yırtıcı” nazirlərindən olmuş Fazil Məmmədova məxsus “AtaHolding”-in büdcəyə 1 milyon manata yaxın vergi borcu var. Artıq bir neçə ildir sabiq vergilər nazirinə aid olduğu bildirilən “AtaHolding”-in maliyyə durumu pisləşdiyindən, bu biznes strukturunun tam iflasın astanasında olduğu barədə məlumatlar var. 

Digər şirkətlərə, banklara olan borclarıyla yanaşı, “AtaHolding” MMC-nin 29 iyun 2021-ci il tarixinə 927 940 manat həcmində vergi borcu da var.

Bununla yanaşı, “Banker.az”-ın xəbərinə görə, holdinqin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə məhkəmə çəkişməsi də mövcuddur. Belə ki, DVX-nin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti holdinq barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Yəni ki, F.Məmmədovun uzun illər rəhbərlik etdiyi nazirlik onun öz şirkətini məhkəməyə verib.

Xatırladaq ki, “AtaHoldinq” 2003-cü ildə yaradılmaqla 40 mln. manat nizamnamə kapitalına sahibdir. Holdinq, ölkədə texnologiya, idman, turizm lizinq və sığorta kimi sahələrdə biznes fəaliyyətinə malikdir. Lakin son illər, xüsusilə də F.Məmmədov nazir postuyla vidalaşandan sonra onun biznes imperiyası da “çat verməyə” başlayıb. Onun “Atabank” da daxil olmaqla, bir çox biznes subyektləri ya əlindən alındı, ya da müflis olaraq, bağlandı. Nəticədə çoxlu sayda vətəndaş işsiz qaldı, nazirin şirkətlərilə əməkdaşlıq edən böyük sayda iş adamı ciddi zərər gördü, “Atabank”-ın əmanətçiləri olan sıravi vətəndaşlar çıxılmaz vəziyyətdə qaldı və s. (“AzPolitika.info”) 

Yəni ki, işlədiyi dövrdə dövlətə, xalqa, iqtisadiyyata, biznes mühitinə vurduğu ziyan azmış kimi, vəzifədən çıxarılandan sonra da ölkəyə zərər vurmaqda davam edir.

3