"Təəssüflər olsun ki, kənd təsərrüfatı məhsullarının qiymətinin günü-gündən bahalaşmasından kəndlilər qazanc əldə etmir. Kənd təsərrüfat məhsulları biznesi müəyyən qüvvələrin əlindədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov günü-gündən artan kənd təsərrüfatı məhsullarının qiymət artımını şərh edərkən deyib. Ekspert bildirib ki, ən böyük monopoliya kənd təsərrüfat məhsullarının topdansatış bazasındadır:
""Meyvəli” məhsulları kəndlilərdən qəbul edir və market, supermarket, ticarət mərkəzlərinə satış həyata keçirir. Digər tərəfdən isə həmin məhsulların tədarükçüləri də var. Uzun müddət çalışdılar ki, həmin məhsulların tədarükçülərini sıradan çıxarsınlar. Ona nail ola bilmədilər. Rəqabət mühiti pozuldu. Düzdür, bir hissəsini sıradan çıxardılar. Bu bahalaşmadan kənd təsərrüfatı məhsullarının inhisarçıları gəlir əldə etmir. Bundan qazanan yalnız monopolistlərdir. Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən monopolistlərdir. Bu bahalaşmaya rəvac verən isə məmurlardır. İlin əvvəlində gündəlik təlabatı olan məhsullar bahalaşdı. Bunlar nədir? Dizel yanacağı 33%, benzin 11%, su 100% bahalaşdı, qazın qiymətində limiti dəyişdilər, orada da bahalaşma oldu. Bütün bunlar istehsalçıların xərcini artırır.
Həmin texnikalar dizel yanacağı ilə işlədiyinə görə xidmət bahalaşır. Məhsul daşınır, benzinin qiyməti artdıqca istehsal olunan məhsulun maya dəyəri də artır. Üstəlik, bir də su problemi var ki, uzun müddətdir öz həllini tapmır. Bütün bunlar imkan verir ki, məhsulun qiymətini diktə etsinlər, alıcıya yüksək dəyərlə təklif etsinlər. Satış azalır. Bütün bunlar isə ailə büdcəsinə təsir edir. Ona gərə də əhalinin alıcılıq qabiliyyəti aşağı düşür”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.9 faiz, 2020-ci ilin iyul ayına nisbətən 6 faiz artıb.
2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 4.5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5.1 faiz, qeyri-ərzaq məhsulları üzrə 4.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3.9 faiz artıb.