İnam Kərimov Zaqatala və Balakəndə fermerlərlə görüşdü, tədarük məntəqələrinə və təsərrüfatlara baş çəkdi - FOTOLAR

İQTİSADİYYAT
20:27 / 19.08.2021
1972

Zaqatalanın tütün sahələrində məhsul yığımına başlanıb. Tütünçü fermerlər yığdıqları məhsulu qəbul məntəqələrinə təhvil verirlər. Kənd təsərrüfatı naziri İnam Kərimov Zaqatalada məhsul yığımının gedişini izləyib, tədarük məntəqələrində məhsulun qəbul prosesi ilə tanış olub. Bildirilib ki, bu il rayonda 588,7 hektar sahədə tütün əkilib. Ötən il rayon üzrə orta məhsuldarlıq 11,7 sentner təşkil edib. Bu il məhsuldarlığın daha çox olacağı gözlənilir.

Görüşdə tütünçülüyün inkişafına dövlət dəstəyi mexanizmləri, fermerlərin davamlı şəkildə təlimlərə cəlb olunması, tütün şitilçiliyinin təşkili, tütünçülükdə dəyər zəncirinin formalaşdırılması, keyfiyyətli məhsul istehsalı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Yaxın zamanlarda rayonun fındıq bağlarında kütləvi yığıma start veriləcək. Yazlıq fındıq sortlarının yığımı isə davam edir. Zaqatala fındıq zavodunda keçirilən görüşdə bildirilib ki, rayonda 20183,4 hektar fındıq bağı mövcuddur, bunlardan 13183 hektarı bar verən yaşda olan bağlardır. Məhsulun erkən yığımı fındığın keyfiyyətinə mənfi təsir edir. Eyni zamanda, erkən yığım ağacların strukturunu zədələyir, nəticədə növbəti illərdə bağlarda orta məhsuldarlıq aşağı düşür. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi yerlərdə fındığın erkən yığımının mənfi təsirləri ilə bağlı fermerlər arasında davamlı maarifləndirmə işləri aparır. Görülən işlər nəticəsində fındıqçılıq rayonlarında erkən yığım faizi kifayət qədər azalıb.

Nazirliyin nümayəndə heyəti Zaqatalada arıçı fermer Mövləddin Qurbanəliyevin arıçılıq təsərrüfatı ilə tanış olub. Qafqazda ilk dəfə olaraq Zaqatala rayonu ərazisində dağlıq zonada damazlıq arı ailələri üçün təcrid zonası yaradılıb. Təcrid zonasında hazırda yüzədək arı ailəsi saxlanır, zonada əldə olunan məhsuldarlıq 30 kiloqramın üzərindədir. Təsərrüfatda arılara qulluq sırf orqanik istehsalın tələblərinə uyğun aparılır.

Zaqatala yaş barama istehsalının həcminə görə respublikada ilk yerlərdən birini tutur. 2021-ci ildə  zaqatalalı kümdarlar 43,4 ton yaş barama istehsal edərək qəbul məntəqələrinə təhvil veriblər. Ötən il Zaqatalada müasir standarlara cavab verən baramaqurutma müəssisəsi inşa olunub, bu il həmin məntəqədə ilk dəfə məhsul tədarükü həyata keçirilib.

Daha sonra nazirliyin nümayəndə heyəti Balakən rayonunda intensiv bağlara, Balakən yem istehsalı fabrikinə, Qullar kəndində yerləşən fındıq tingçiliyi təsərrüfatına və fındıq bağlarına baş çəkib. Fermerlərlə keçirilən görüşlərdə intensiv meyvə bağlarının sahəsinin ildən-ilə artmasının ölkənin kənd təsərrüfatı məhsullarının ixracı potensialının genişlənməsinə müsbət təsir göstərdiyi vurğulanıb. Hazırda Balakəndə 220 hektar sahədə intensiv meyvə bağı var. Rayonda həm də fındıqçılıq geniş inkişaf etməkdədir. Rayonda mövcud olan 10544 hektar fındıq bağının 5571 hektarı bar verən yaşdadır. Sentyabrın əvvəllərində rayonda kütləvi fındıq yığımına başlanacaq. 

Zaqatala və Balakəndə keçirilən görüşlərdə qaldırılan məsələlər və təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

0