Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin sentyabrın 1-nə 7 042,6 mln. ABŞ dollar təşkil edib.
HİT.az-ın AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 10,6%, illik müqayisədə isə 8,6% artıb.
Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.
Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (905,24 mln. manat) ayırmışdı.
Avqust ayında pul bazası 0,3% azalaraq sentyabrın 1-nə 14,172 mlrd. manata enib. İlin əvvəlindən pul bazasının həcmi 4,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 19% artıb.
Qeyd edək ki, ötən ayın 1-nə pul bazası 14,213 mlrd. manata çataraq tarixi maksimum yeniləmişdi.