Mütəxəssislər deyirlər ki, şəhərin mərkəzi hissələrində meyvə-tərəvəz dükanları açmaq biznes üçün sərfəli deyil
Şəhərin mərkəzi hissələrində meyvə-tərəvəz dükanları yox səviyyəsindədir. Meyvə-tərəvəz almaq istəsəniz, supermarketlərə üz tutmalısınız. Bu marketlərdə isə qiymətlər yüksək olur. Əgər daha çox seçim imkanı olan, münasib qiymətə məhsullar satılan meyvə-tərəvəz dükanı axtarsanız, xeyli yol qət etməli olacaqsınız. Bu da bir sıra problemlər yaradır. Şəhərin mərkəzi hissəsində meyvə-tərəvəz dükanlarının olmamağı istehlakçının cibinə birbaşa ziyan vurur. Meyvə-tərəvəz almaq üçün istehlakçı məcbur qalaraq supermarketlərə üz tutur. Böyük supermarketlər isə bu fürsətdən maksimum yararlanırlar, meyvə-tərəvəzin qiymətini qaldırırlar. Nəticədə istehlakçının alıcılıq qabiliyyəti aşağı düşür. Maraqlıdır, kiçik sahibkarlıqla məşğul olanlar şəhərin mərkəzi ərazilərində meyvə-tərəvəz satmağa niyə meyilli deyillər?
Məhsul baha, icarə qiyməti yüksək
Marketoloq Namiq Bayramovdeyir ki, həm meyvə-tərəvəz baha başa gəlir, həm də mərkəzi hissədə icarə qiymətləri yüksəkdir. Bu səbəblərdən mərkəzi hissələrdə mağaza açmaq sərfəli hesab edilmir: "Əvvəllər şəhərin mərkəzində meyvə-tərəvəz dükanları olurdu, sonra bağlandılar. Çünki əvvəllər meyvə-tərəvəz rayonlardan birbaşa bazarlara gəlirdi və bu zaman qiymətləri ucuz olurdu. Sonra meyvə-tərəvəzin topdan satışını aparan ticarət mərkəzi yarandı. Burda məhsulların giriş qiyməti aşağı olsa da, çıxış qiymətləri yüksəkdir. Meyvə-tərəvəz satışı monopoliyaya alındı. Bazarlar da lazımi səviyyədə məhsul tapa bilmədilər və nəticədə məhsulların qiyməti qalxmağa başladı. Şəhər mərkəzlərində icarə qiymətləri də yüksəkdir. Bu da məhsulun qiymətinə təsir edir. Şəhər mərkəzində yaşayan əhalinin imkanlı olduğu düşünülsə belə, heç kim bir neçə dəfə baha qiymətə meyvə-tərəvəz almaq istəməz. Yüksək məbləğdə icarə verən bir adam məhsulunu çox ucuz qiymətə sata da bilməz. Bu səbəblərdən şəhər mərkəzindəki meyvə-tərəvəz satış nöqtələrinin işi zəiflədi”.
"Biznes özünü doğrulda bilmir”
N.Bayramov deyir ki, supermarketlərdə meyvə-tərəvəz satışının başlaması və genişlənməsi ilə bu dükanlar rəqabət qabiliyyətlərini itirdilər: "Şəhərin mərkəzində meyvə-tərəvəz dükanı işlətmək istəyən adam, həm ətrafdakı supermarketlərlə rəqabət apara, həm də dükanı ucuz və keyfiyyətli meyvə ilə təmin edə bilməyəcək. Marketlərin də bu işdə olması, meyvə-tərəvəz dükanlarının fəaliyyətinin zəifləməsinə gətirib çıxarır, biznes özünü doğrultmur. Buna görə ucuz meyvə-tərəvəz satan dükanlar mərkəzdə özlərinə yer tapa bilmədilər və sıradan çıxdılar. Şəhər mərkəzində qala bilənlər işini rəqabətə uyğun quranlar və ya müəyyən müştəri bazası olanlardır. Necə ki, məhəllə marketləri sıradan çıxıb supermarketlərə çevrildi. Bu da təbii bazar prosesidir”.
Şəhər mərkəzində yaşayışın az olması
N.Bayramovun sözlərinə görə, mərkəzi hissələrdə yaşayış yerlərinin az olması da bu dükanların işinə təsir edən faktordur: "15-20 il öncə ilə müqayisədə şəhərin mərkəzində yaşayan əhalinin nisbəti azalıb. Tutaq ki, 4 mərtəbəli binanın aşağısı obyektdirsə, 2-ci və 3-cü mərtəbələri çox vaxt ofis olur. Deməli, burda yaşayış azdır. Meyvə-tərəvəz dükanları da daha çox yaşayış yerlərinə yaxın açılır”.
Ucuz meyvə almaq istəməyənlərin dükanları
Namiq Bayramov bildirdi ki, sahibkarlar mərkəzi hissələrdə modern tipli, daha yüksək qiymətə məhsul satan dükanlar açmağa meyillidirlər: "Şəhərin mərkəz hissələrinə diqqət etsəniz, konseptual tipli modern şərtlərə cavab verən, içərisində hər cür şəraiti olan meyvə-tərəvəz dükanları görəcəksiniz. Nisbətən ucuz qiymətli meyvə-tərəvəz dükanları mərkəzdə artıq özlərinə yer tapa bilmirlər. Bu tip dükanlar müəyyən təbəqə üçün nəzərdə tutulub. Xüsusi təbəqədən insanlar var ki, heç vaxt bazara gedib ucuz yerdən meyvə almaq istəmir. Onlar istəyir ki, xüsusi qulluq olunmuş meyvələr satılan dükanlardan alış-veriş etsinlər. Ofislərdə olan insanlar da meyvə almaq istəyəndə onsuz da gəlib belə yerlərdən alış-veriş edirlər. Bu zaman bazar tipli yerlər şəhərin mərkəzində aktuallığını itirir”.
Böyük marketlərdə böyük rəqabət
İqtisadçı Pərviz Heydərovdeyir ki, mərkəzi hissələrdə meyvə-tərəvəz dükanları bu gün çox azdırsa, bu, ticarətdəki rəqabətdən irəli gələn amildir: "Tutaq ki, mən kənd təsərrüfatı istehsalçısıyam və əlimdə müəyyən qədər məhsul var. Bakı şəhərinin müəyyən mərkəzi nöqtələrində mağaza açıb məhsulumun satışını təşkil etdim. Dükanımın yaxınlığında iri marketlər fəaliyyət göstərirsə və həmin marketlərdə o məhsullardan satılırsa, mənim vəsait sərf edib qurduğum dükan rəqabətə nə qədər davam gətirə bilər? Elə bilməyin ki, şəhərin ən gəlirli yerində sırf meyvə-tərəvəz mağazası açmaq heç kimin ağlına gəlmir. Belə ideyalar var. Amma o ideyaların reallaşdırılması böyük problemlərlə üzləşir. Hazırda böyük marketlər arasında güclü rəqabət gedir. Onlar bir-birini sıxışdırıb bazardan çıxartmaq istəyir. Mən bu mübarizənin içinə girib Bakı şəhərinin mərkəzində meyvə-tərəvəz dükanı açmaq istəsəm, təbii ki, uğursuz olacaq”.
Vətəndaş istəyi, biznesin qaydaları
P.Heydərov bildirdi ki, vətəndaşların münasib qiymətə meyvə-tərəvəz istəməsi normaldır, ancaq bazardakı durumu biznesin qayda-qanunları müəyyən edir: "Vətəndaş deyir ki, mən şəhərin mərkəzində yaşayıramsa və ya orda istirahət edirəmsə, niyə meyvə almaq üçün supermarketə daxil olmalıyam? Bu, vətəndaşın istəyidir. Amma sahibkarların mövqeyi, şərtləri, onlar arasında rəqabət amilləri, biznesin qayda-qanunları tamam başqa şeylərdir”.
"Şişirdilmiş qiymətlər yoxdur”
Pərviz Heydərov qeyd etdi ki, supermarketlərdə meyvə-tərəvəz qiymətlərində şişirdilmə yoxdur: "İri satış şəbəkələrində icarə haqqı və digər səbəblərdən məhsulun qiymətinin üzərinə müəyyən əlavələr gəlir. Bu da çox cüzi əlavə olur. Məhsulların qiymətləri bahadırsa, bu bahalıq icarə, daşınma xərclərinə görə yaranır. Başqa şişirdilmiş qiymətlər yoxdur”.
Mənbə: "Kaspi" qəzeti