Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

İQTİSADİYYAT
18:05 / 17.09.2021
1474

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

HİT.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.

Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar - fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir.

Proqnoz horizontunda inflyasiyanın hədəfdən kənarlaşmasının qarşısının alınması pul siyasətinin fasilə götürülmə mərhələsindən çıxışını şərtləndirir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

İH-nin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə illik inflyasiya tempi yüksəlibr. Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0,5% olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6,7% təşkil edib. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4,8% olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil edib.

Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0,8% yüksəlib, illik ərzaq inflyasiyası 7,8% təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5,4% olub. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0,8% deflyasiya olub. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3,1%, son bir ildə isə 32,9% yüksəlib.

Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0,3%, xidmətlər üzrə 0,2% yüksəlib. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5%, xidmətlər üzrə isə 6,4% təşkil edib.

İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyillidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2,6% artıb. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir.

Ümumilikdə illik inflyasiyanın yüksəlmə meyilini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.

Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5,3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6,7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8,7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9,8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10,2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12,8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19,3% təşkil edib.

İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri avqustda əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında artıb, qeyri-neft sənayesində və xidmətdə isə azalıb. Xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda qiymət gözləntiləri artım zonasında qərarlaşıb.

Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda bu ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Proqnozlara görə cari ildə orta illik inflyasiya 5,4-5,8%, illik inflyasiya isə 7,0-7,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.

Xarici sektor

Son aylarda dünyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq aparıcı ölkələrdə sərt məhdudiyyətlərin tətbiq olunmaması və iqtisadi stimul tədbirlərinin davam etdirilməsi iqtisadi aktivliyin yüksək olaraq qalmasına şərait yaradıb. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6% artacağını proqnozlaşdırır. Dünya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə bərpa olunduqca bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İyulun əvvəlindən indiyədək dünya mərkəzi bankları tərəfindən 29 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilib. Bu dövrdə heç bir mərkəzi bank əsas faiz dərəcəsini azaltmayıb.

Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələmişdir. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir.

I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.9 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 8%-i səviyyəsində profisit olmuşdur. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.

Strateji valyuta ehtiyatları 8 ayda 4.8% (2.4 mlrd. ABŞ dolları) artaraq 53.2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10.6% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynamışdır.

Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85%-də təklif tələbi üstələmişdir.

Monetar şərait. Monetar şərait antiinflyasiya xarakteri daşımaqdadır.

Dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalmaqda davam edir. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.

Dövlət büdcəsinin profisitli icrası və vahid xəzinə hesabının dinamikası pul bazasının aşağı templi artımını şərtləndirmişdir. Pul bazası 8 ayda 4.5% artmışdır.

İqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi yüksəldir. Bank sisteminin kredit portfeli avqust ayında 1.6%, ümumilikdə 8 ayda isə 7.4% artmışdır. İstehlak kreditləri 12.9%, ipoteka kreditləri 12.2% artmışdır.

De-dollarlaşma meyilləri davam edir. Avqustda dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44.7%-ə, kredit portfeli üzrə isə 26.8%-ə enmişdir.

Mərkəzi Bank pul siyasəti qərarları qəbul edərkən milli valyutada yığımların cəlbedici olaraq qalması və kredit qoyuluşlarının balanslı şəkildə artımını da diqqətdə saxlayır.

İqtisadi fəallıq. Makroiqtisadi stimulların davam etməsi, xarici və daxili tələbin yüksəlmə meyli şəraitində iqtisadiyyat artım trayektoriyasında hərəkət edir.

Məcmu təklif məcmu tələbin genişlənməsinə adekvat reaksiya verməkdədir. 2021-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 3.6%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5.7% artmışdır. Qeyri neft-qaz sənayesində 18.7%, kənd təsərrüfatında 5%-lik iqtisadi artım baş vermişdir.

8 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.7%, ödənişli xidmətlərin istehlakı 4.9% artmışdır. İstehlakın artmasında sərt karantin dövründə yaranmış yığımların xərclənməsi, kredit aktivliyinin bərpası, habelə xarici səfərlərin məhdudlaşması səbəbindən ölkə daxili xidmətlərə tələbin artması da müəyyən rol oynamışdır. Son rübdə istehlakçı inamı indeksi ötən rüblə müqayisədə əhəmiyyətli yaxşılaşmışdır. Bununla belə, pandemiyanın yeni dalğalarının və yeni ştammların mümkünlüyü şəraitində məcmu tələbin perspektivləri ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqust ayında biznes inam indeksi əvvəlki aya nəzərən qeyri-neft sənayesi, ticarətdə və xidmətdə azalmış, tikinti sektorunda isə artmışdır. Bütün sektorlar üzrə biznes inam indeksi pozitiv zonada qərarlaşmışdır.

Qiymətləndirmələrə görə cari ilin sonunadək qeyri-neft sektoru üzrə məcmu buraxılış kəsiri pozitiv zonada qalacaqdır.

Risklər balansı. İnflyasiya üzrə risk balansında qiymət artırıcı amillərin rolunun genişlənməsi davam edir.

Dünya əmtəə bazarlarında və tərəfdaş ölkələrdə qiymətlərin yüksəlməsi ilə idxal olunan əmtəələrin maya dəyərinin artması, pandemiya ilə bağlı istehsal və logistika zəncirində yaranmış problemlər, məcmu tələbin təkliflə müqayisədə daha sürətlə genişlənməsi risk balansında inflyasiya artırıcı amillər kimi çıxış edir. Profisitli tədiyə balansı və valyuta bazarında tarazlığın qorunması qiymətlər sabitliyinin əsas lövbərini – məzənnə sabitliyini dəstəkləyir. Bununla belə, epidemioloji vəziyyət məcmu tələbin inflyasiyaya təsirinin istiqamətini dəyişdirmə potensialını hələ də saxlayır. Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də dayanıqlı makro-fiskal çərçivənin qəbul olunmasını və xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir.

Bu qərar 17 sentyabr 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il oktyabr ayının 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

0