“Bakı metrosunda Bənövşəyi xətt üzrə inşa ediləcək növbəti stansiya şərti olaraq 5-ci stansiya adlandırılıb".
Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.
O bildirib ki, hazırda tikintisinə başlanılan B-4 stansiyasının davamı olan yeni stansiya metronun “Nizami” stansiyasına yaxın ərazidə inşa ediləcək:
“Stansiya "Beşmərtəbə" deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında tikiləcək”.
Xatırladaq ki, bu gün Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.
Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.